Novruz Bayramınız mübarək!
Mart 19, 2025 | 18:00 / Mühüm hadisələr
Azərbaycan xalqının çox qədim zamanlardan yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur. Novruz Bayramı astronomik olaraq yaz fəslinin başlanğıcı ilə – gecə və gündüzün bərabərləşdiyi 21 mart tarixi ilə əlaqədardır. Bu tarixdən etibarən günlər uzanmağa, təbiət yenidən canlanmağa başlayır. Novruzun tarixi minilliklər öncəyə gedib çıxır. Qədim ənənələrə əsasən, Novruz öncəsi dörd çərşənbə axşamı qeyd olunur ki, bunlar su, od, yel və torpaq çərşənbələridir. Hər biri təbiətin dörd əsas ünsürünü simvolizə edərək, həyatın yenilənməsini ifadə edir. Novruz əsrlər boyu Azərbaycanın hər bir guşəsində geniş el şənlikləri və mərasimlərlə qeyd edilən ümumxalq bayramıdır. Uca Yaradanı, kainatın ahəngini və təbiətə olan dərin sevgini tərənnüm edən bu bayramın zəngin ənənələrinin qorunması, Azərbaycan xalqının tarixi-mədəni irsinə ehtiramını və milli-mənəvi dəyərlərə sadiqliyini əks etdirir.
Bu əziz gündə hər kəsə sağlamlıq, firavanlıq və bol ruzi arzulayırıq. Qoy bu Novruz sizə və sevdiklərinizə sevinc, xoş günlər və uğurlar gətirsin! Bayramınız mübarək!