sa sa 2431
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Mart 31, 2025 | 08:00 / Mühüm hadisələr

31 Mart 1918-ci il, Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi yadda qalmışdır. Bu tarixdə erməni daşnak silahlı dəstələri, bolşevik rejiminin dəstəyi ilə Bakı və onun ətrafında dinc azərbaycanlı əhaliyə qarşı soyqırım həyata keçirmişdir. Bu hadisələr nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər və abidələr yerlə yeksan edilmişdir. Hadisələrə erməni "Daşnaksutyun" partiyasının üzvləri rəhbərlik etmişdir. Bolşeviklər, "Bakı Kommunası"nın lideri Stepan Şaumyanın rəhbərliyi altında erməni silahlı dəstələrinə siyasi və hərbi dəstək verirdilər. Tərəflərin məqsədi azərbaycanlıların öz torpaqlarından qovulması, regionda etnik təmizləmə siyasətinin həyata keçirilməsi idi. 1918-ci ilin mart və aprel aylarında Bakıda, Şamaxıda, Quba, Qarabağ, Naxçıvan və digər regionlarda azərbaycanlılara qarşı kütləvi qətllər törədildi. Bakıda qısa müddət ərzində minlərlə insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcana qətlə yetirildi. Şamaxıda 7 mindən çox dinc sakin həlak oldu. Quba rayonu ərazisində aparılan qazıntılar zamanı kütləvi məzarlar aşkar edilmişdir ki, bu da soyqırımın miqyasını təsdiqləyir. Bu qanlı hadisələr erməni millətçilərinin "Böyük Ermənistan" dövləti yaratmaq ideyası və azərbaycanlıların tarixi torpaqlarından qovulması siyasətindən irəli gəlirdi.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 31 Mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Bu tarixdə hər il azərbaycanlıların soyqırıma məruz qalması dünya ictimaiyyətinə çatdırılır, şəhidlərin xatirəsi anılır. Bu faciənin beynəlxalq səviyyədə tanıdılması, soyqırım faktlarını təsdiq edən tarixi sənədlərin təbliği vacibdir. Azərbaycan dövləti və diaspor təşkilatları bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

31 Mart Azərbaycan xalqının tarixində unudulmaz bir faciədir. Bu hadisələrdə şəhid olan həmyerlilərimizin xatirəsini əbədiləşdirmək və dünya ictimaiyyətini bu hadisələr haqqında məlumatlandırmaq hər bi azərbaycanlının borcudur.