Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Aynurə Paşayeva Pakistanda keçirilən beynəlxalq konfransda iştirak edib + Foto
Apr 15, 2025 | 14:00 / Konfranslar, iclaslar
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri b.ü.f.d. Aynurə Paşayeva 9–10 aprel 2025-ci il tarixində Pakistanın Tandojam şəhərində yerləşən Sindh Kənd Təsərrüfatı Universitetində keçirilən 2-ci Beynəlxalq Bitki Mühafizəsi Elmləri Konfransında (ICPPS-2025) əsas spiker kimi iştirak edib. Alim “Düyü bitkisində tilakoid zülallarının fosforlaşması vasitəsilə enerjidən asılı sönmənin tənzimlənməsi” mövzusunda çıxışı zamanı fotosintetik zülalların post-translyasiya tənzimlənməsinin düyü bitkisində fotoproteksiya mexanizmlərinə necə təsir etdiyinə dair yeni nəzəriyyələrdən bəhs edib. O, dəyişən işıq və stres şəraitində tilakoid membranlarının dinamik cavablarını açmaq üçün qabaqcıl proteomika strategiyalarının əhəmiyyətini vurğulayıb.
Eyni zamanda institutun digər əməkdaşları, b.ü.f.d., dosent Ulduza Gurbanova, b.ü.f.d. Nahida Əliyeva və elmi işçi Turana İsgəndarova konfransda onlayn təqdimatlarla iştirak ediblər.
Konfransda bir araya gələn Pakistan, Çin, Qazaxıstan, Azərbaycan və digər ölkələrdən olan alim və mütəxəssislər davamlı bitki mühafizəsi sahəsində qabaqcıl tədqiqatlardan bəhs edib və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirmək üçün növbəti addım olaraq, Pakistanın ən qədim universitetlərindən biri olan Sindh Kənd Təsərrüfatı Universiteti (SKTU) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) kənd təsərrüfatı tədqiqatları və biotexnologiya sahəsində uzunmüddətli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalalanması planlaşdırılır.
Bu beşillik strateji çərçivə bitki genetikası və seleksiyası, kənd təsərrüfatının inkişafı, zərərvericilərlə mübarizə, kənd təsərrüfatı biotexnologiyası, qida keyfiyyəti və təhlükəsizliyi kimi əsas sahələrdə birgə tədqiqat və potensialın artırılması səylərini təşviq etməyə yönəlib.
Sazişdə, həmçinin beynəlxalq tədqiqat qrantları üçün birgə müraciətlər, yeni texnologiyaların sənayeləşdirilməsinin təşviqi, genetik resurslar və əqli mülkiyyət daxil olmaqla tədqiqat nəticələrinin ədalətli istifadəsi ilə bağlı müddəalar yer alır.