Mayın 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar institutunun əməkdaşı Naimə Namaz qızı Niyazovanın “Tomat sortlarinin (Solanum lycopersıcum L.) quraqliq stresi, rehidratasiya və potensial biostimulyatorlarin təsirinə cavab reaksiyalarinin tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. İşin elmi rəhbərləri MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova və İtalya Respublikası Florensiya şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Davamlı Bitki Mühafizəsi İnstitutunun əməkdaşı Dr. Biancaelena Masertidir. Dissertasiya işinin rəsmi opponentləri biologiya elmləri doktoru, professor Ziyəddin Məmmədov, biologiya elmləri doktoru, professor Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent Yaşar Ömərovdur.
Naimə Namazova dissertasiyanın əsas müddəalarını geniş şərh edib. İddiaçı qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq Nostoc piscinale sianobakteriyasından və makroyosundan əldə edilmiş ekstraktın tomat bitkisinə biostimulyator və antifunqal təsiri tədqiq edilmiş, sianobakteriyadan əldə olunmuş ekstraktın Botrytis cinerea göbələyinin inkişafını inhibirləşdirən optimal qatılığı müəyyən olunmuşdur. Alınan nəticələr əsasında müxtəlif tomat sortlarının quraqlıq və rehidratasiya proseslərinə eləcə də potensial biostimulyatorların təsirinə sort-spesifik cavab reaksiyaları nümayiş etdirdiyi qənaətinə gəlinmişdir. Tədqiqat nəticəsində əldə edilən nəticələr tətbiqi baxımdan mühüm əhəmiyyət kəsb edir, həm də gələcək tədqiqatlar üçün zəmin yaradır.
Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb və opponentlərin tövsiyə və iradlarına cavab verib. Şura üzvləri dissertasiya ilə bağlı öz fikirlərini bildiriblər. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Naimə Niyazovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.