sa sa 4768
“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb + Foto İyn 12, 2025 | 20:00 / Konfranslar, iclaslar

İyunun 12-də ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Almaniya Federativ Respublikası Osnabrük Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası Departamenti və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilir.

Hibrid formada təşkil edilən konfransa bir çox xarici iştirakçılar “Zoom” platforması üzərindən onlayn formatda qoşulublar.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova bildirib ki, bu tədbir qlobal miqyasda böyük əhəmiyyət kəsb edən dayanıqlı ərzaq təminatı məsələlərinin müzakirəsi, eləcə də çağdaş texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. O, beynəlxalq konfransın “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsinin xüsusi önəm daşıdığını söyləyərək qeyd edib ki, kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinə nail olunması suverenliyin əsas atributlarındandır.

Alim, həmçinin Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın əhəmiyyətini önə çəkərək, bu sənədin ölkəmizdə rəqəmsallaşmanın sistemli şəkildə həyata keçirilməsini, yüksək texnologiyaların tətbiqinin genişləndirilməsini və bu sahədə kompleks islahatların dərinləşdirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

Dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamını xatırladan akademik İradə Hüseynova sənədə əsasən, AMEA-nın 80 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanması və icrasının bu elm ocağına və Elm və Təhsil Nazirliyinə həvalə olunduğunu bildirib. O, bugünkü konfransın AMEA-nın 80 illik yubileyi çərçivəsində təşkil edilən tədbirlər sırasından olduğunu söyləyib.

Akademik İradə Hüseynova, çıxışı zamanı ölkə Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyətinə də toxunub. Qeyd edib ki, bu sənəd ölkəmizdə süni intellekt texnologiyalarının inkişafı, eləcə də onun kənd təsərrüfatında tətbiqi sahəsində strateji baxışları və prioritetləri müəyyən edir.

O, həmçinin ötən il Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-dan da söz açaraq, bu mötəbər və qlobal əhəmiyyətli konfrans çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) və digər beynəlxalq qurumların birgə təşkilatçılığı ilə “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda tədbirin keçirildiyini xatırladıb. Bildirib ki, sözügedən tədbirdə COP29: karbon emissiyasının azaldılmasına elmi baxış, qlobal iqlim dəyişmələrinin aqrar sahəyə təsiri, iqlim dəyişmələri dövründə ərzaq təhlükəsizliyi problemi, insan sağlamlığında iqlim faktoru, ekosistemlərin biomüxtəlifliyinin dayanıqlılığı, kənd təsərrüfatı sistemlərində elm və innovasiyanın rolu, Azərbaycanda iqlim dəyişmələrinin torpaqların deqradasiyasına təsiri və digər mövzular müzakirə olunub.

Akademik İradə Hüseynova çıxışının sonunda bugünkü konfransın ölkədə dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunmasında müasir yanaşmaların, o cümlədən rəqəmsal texnologiyaların və GWAS (Genome-Wide Association Studies) əsaslı texnologiyaların tətbiqinə həsr olunduğunu söyləyib. Alim tədbir çərçivəsində təqdim olunan məruzələr, aparılan elmi müzakirələr və qurulan əməkdaşlıqların müvafiq elmi sahələrin inkişafına töhfə verəcəyinə, konkret elmi və praktiki nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Sonra KTN Əkinçilik İnstitutunun direktoru a.e.ü.f.d., dosent Faiq Xudayev çıxış edərək ərzaq təhlükəsizliyinin təmin edilməsində elmin, yüksək texnologiyaların, beynəlxalq əməkdaşlığın mühüm roluna diqqət çəkib. O, qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi hazırkı dövrdə ərzaq təhlikəsizliyi probleminin xüsusi aktuallıq kəsb etdiyini bildirib, müasir zamanın tələblərinə cavab verən yeni metodlarla bitki tədqiqatlarının və elmi seleksiya işlərinin aparılmasının, daha məhsuldar buğda sortlarının yaradılmasının zəruriliyini vurğulayıb.

Faiq Xudayev iqlim dəyişiklikləri şəraitində ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş innovativ yanaşmalar, rəqəmsal fenotipləmə və GWAS əsaslı texnologiyaların tətbiqinə həsr olunan konfransın elmi əhəmiyyətini qeyd edib, tədbirin genom texnologiyalarının seleksiya proqramlarında tətbiqi məsələlərinin müzakirəsi və beynəlxalq əməkdaşlıq çərçivəsində praktiki nəticələrin paylaşılması baxımından böyük önəm daşıdığını bildirib.

Konfransda, həmçinin Aqrar İnnovasiya Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri b.ü.f.d., dosent Cavanşir Təlai, ICARDA-nın Genetik ehtiyatların mühafizəsi, xarakteristikası və istifadəsi üzrə tədqiqat qrupunun rəhbəri Dr. Zakaria Kehel, Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz və “Bayramlı Group” MMC-nin direktoru Cavid Bayramlı çıxış edərək beynəlxalq tədbirin istiqamətləri ilə bağlı fikirlərini bölüşüb, konfransın işinə uğurlar arzulayıblar.

Daha sonra tədbir plenar iclaslarla davam etdirilib. İclaslarda Dr. Zakaria Kehelin “Rəqəmsal alətlər və genomika seleksiya proqramlarında səmərəliliyi necə artıra bilər?”, professor Ali Nazın “Genişmiqyaslı assosiasiya tədqiqatları: kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılmasında təkamül yönümlü yanaşmalar” və digər mövzularda məruzələr dinlənilib.

 Konfrans öz işini bölmə iclasları və tədqiqat sahələrinin əyani nümayişi ilə davam etdirəcək.

İyunun 13-də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında Tarla seminarı  keçiriləcək.

 science.gov.az