sa sa 4579
“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans öz işini seksiya iclasları ilə davam etdirib + Foto İyn 14, 2025 | 10:06 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda öz işini seksiya iclasları ilə davam etdirib.

Bakı Dövlət Universitetinin kafedra müdiri biologiya elmləri doktoru, professor Rövşən Xəlilovun və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin baş mütəxəssisi biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayevanın moderatorluğu ilə baş tutan 1-ci seksiyada “Kənd təsərrüfatı bitkilərinin davamlılığının və məhsuldarlığının artırılması probleminə hədəflənən müasir texnologiyalar və yeni yanaşmalar” və “GWAS-ın müxtəlif patologiyaların fərdiləşmiş müalicəsi, risk qiymətləndirilməsi, etnik/genetik müxtəliflik, farmakogenetik yanaşmalar və preventiv tibb strategiyalarında istifadəsi” istiqamətləri üzrə konfransa təqdim edilmiş məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.

2-ci seksiyada “GWAS (bütöv genomlar üzrə assosiasiyaların tədqiqi) və marker əsaslı seleksiya”, “Genom redaktəsi və molekulyar seleksiya üsulları buğda yaxşılaşdırılması proqramlarında”, “Yüksək məhsuldarlıqlı fenotipləmə (HTP) texnologiyalarının seleksiyada istifadəsi. Süni intellekt və ağıllı kənd təsərrüfatı”, “Buğdanın fizioloji stres göstəriciləri və onların ölçülməsində qeyri-invaziv rəqəmsal fenotipləmə texnologiyaları” istiqamətlərində müxtəlif ölkələrdən təqdim edilmiş məruzələr dinlənilib. Bu seksiyaya AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və institutun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva rəhbərlik ediblər.

3-cü seksiya “İqlim dəyişikliyi şəraitində buğda genotiplərinin davamlılıq və adaptasiya strategiyaları. Abiotik (quraqlıq, duz, yüksək temperatur və s.) və biotik (zərərvericilər, virus, bakteriya və göbələrlərlə yoluxma və s.) stress faktorlarına tolerant genotiplərin genomiks əsaslı identifikasiyası” məsələlərinə həsr edilib. Seksiyaya AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev və institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ülkər İbrahimova moderatorluq etmişlər.

Ümumilikdə, gün ərzində konfransın bütün istiqamətləri üzrə 50 məruzə dinlənilib və 40-dan çox poster nümayiş etdirilib.

Paralel seksiya iclaslarının məruzəçiləri və poster təqdimatlarının müəllifləri Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, İran, Somali, Birləşmiş Krallıq, Almaniya və s. ölkələrin elmi tədqiqat müəssisələrini və universitetlərini təmsil ediblər.

Tədbir 13 iyun tarixində AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında tarla seminarı ilə davam etdirilir. 

science.gov.az