sa sa 4503
“Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb + Foto İyn 17, 2025 | 17:22 / Konfranslar, iclaslar

ETN Zoologiya İnstitutunun təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” mövzusunda respublika elmi-praktik konfransının açılış mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə institutun baş direktoru a.e.d., dosent Ələddin Eyvazov açaraq “Biomüxtəlifliyin aktual problemləri, müasir baxışlar və tədqiqatlar” mövzusunda məruzə ilə çıxış edib və konfransı açıq elan edib. O, öz çıxışında quru və su ekosistemlərinin qlobal iqlim dəyişilmələri şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii ekosistemlərdə heyvanların parazit faunasına aid aktual məsələlərin müzakirəsindən söhbət açıb.

Daha sonra tədbirdə AMEA-nın vitse prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qonaqları salamlayıb, konfransın işinə uğurlar arzu etdi. İradə Hüseynova Azərbaycanın zəngin biomüxtəlifliyinin qorunması, öyrənilməsi, aktual problemləri istiqamətində görülən çoxşaxəli tədbirlər haqqında danışıb. O, həmçinin heyvan və bitki növlərinin azalması və nəslinin kəsilməsi hadisəsinin vacibliyini vurğulayaraq bu kimi qlobal problemlərin aradan qaldırılması aspektlərindən bəhs edib.

Tədbirdə ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Bakı Dövlət Universitetinin Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev, b.e.d., professor Nəcəfov Canbaxış, professor Aziz Eftekhari, eləcə də Zoom platforması üzərindən xarici qonaqlar - Türkiyə Fırat Universiteti Su Ürünləri Fakültəsi dekanı, professor Dr. Kenan Köprücü, Fırat Universiteti Dr Şəbnəm Fərzəli, REA Ural Şöbəsi (Yekaterinburq) “Filogenetika və bioxronologiya” laboratoriyasının müdiri, b.e.d., dosent Aleksandr Vasilyeviç Borodin məruzələrlə çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. 

İki günlük konfrans öz işini seksiyalarda davam etdirəcək.

science.gov.az