sa sa 4429
“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans keçirilir + Foto İyn 18, 2025 | 16:00 / Konfranslar, iclaslar

İyunun 17-də ETN Botanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirin açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, yerli və xarici (Macarıstan, Pakistan, Çin, Türkiyə) alimlər, mütəxəssislər iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarıını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva açaraq bildirib ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə respublikada bitki örtüyü və meşələrin  müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın idarə edilməsində meşələrin rolunu müəyyənləşdirməkdir. Professor Azərbaycanın meşə örtüyü haqqında məruzəsində meşələrin ümumi sahəsi, antropogen təsirlərin və iqlim dəyişmələrinin meşə ekosistemlərinə təsiri, habelə işğal dövründə törədilən yanğınlar nəticəsində Qarabağın meşə fondunun məhv edilməsi və s. problemləri vurğulayıb.

Sonra ekologiya və təbii sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Zhang Yuanminq, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Péter Ódor, Pakistanın  Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin dosenti, Dr. Muhammad Zafar çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Konfransın plenar hissəsində  xarici və yerli alimlərin təqdimatında məruzələri dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikat təqdim olunub.

Konfransın davamında Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçiriləcək.

Sözügedən tədbir iyunun 19-da meşə ərazilərinə ekspedisiya ilə başa çatacaq.

science.gov.az