sa sa 3139
MBBİ-də Molekulyar biologiya ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto İyn 30, 2025 | 18:00 / Mühüm hadisələr

İyunun 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında İsgəndərova Turanə Yaşar qızının 2415.01 – Molekulyar biologiya ixtisasında “Flaq yarpağin təbii və quraqlıqla induksiya olunan qocalması zamani buğdada antioksidant sistemin, ultrastruktur xüsusiyyətlərin və bəzi genlərin ekspressiyasinin tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Işin elmi rəhbəri akademik İradə Hüseynova, opponentləri AMEA-nın müxbir üzvü Pənah Muradov, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və Almaniyanın Tətbiqi Elmlər Universitetinin professoru Ali Ahmad Nazdır.

Biologiya elmləri doktoru, professor Səftər Süleymanovun sədrliyi ilə keçirilən iclasda iddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək bildirib ki, buğda bitkisində təbii və quraqlıqla induksiya olunan yarpaq qocalması prosesləri kompleks şəkildə tədqiq olunmuşdur. Araşdırma molekulyar, fizioloji, biokimyəvi və ultrastruktur səviyyədə aparılmış və davamlı genotiplərin hüceyrə funksiyalarını daha uzun müddət qoruyub saxladığı müəyyən edilmişdir. Flaq yarpaqlarda baş verən ultrastruktur dəyişikliklər mikroskopik metodlarla vizualizasiya olunmuş və degenerativ əlamətlər müşahidə edilmişdir. Bu nəticələr buğda kimi strateji bitkidə qocalma ilə bağlı konservativ mexanizmlərin izahına töhfə verir. Tədqiqat nəticələri erkən yaşlanmanın qarşısını almaqla məhsuldarlığın artırılması üçün yeni molekulyar hədəflər müəyyən edir.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı opponentlərin tövsiyə və iradlarına cavab verib və şura üzvlərinin suallarını cavablandırıb. Şura üzvləri dissertasiya ilə bağlı öz fikirlərini bildiriblər. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Turanə İsgəndərovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.