sa sa 3876
MBBİ-də Bitki fiziologiyası ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto İyl 01, 2025 | 14:00 / Mühüm hadisələr

İyunun 30-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında Şəhla Elşən qızı Ələkbərovanın 2411.02 – Bitki fiziologiyası ixtisasında “Pambıq bitkisinin γ-şüalanma və duz stresləri şəraitinə fizioloji adaptasiya xüsusiyyətlərinin tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. İşin elmi rəhbəri biologiya elmləri goktoru, professor Elimxan Cəfərov, elmi məsləhətçi biologiya üzrə fəlsəfə doktoru, dosent Arif Qazıyev, rəsmi opponentlər AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri goktoru Vəfa Qasımova və biologiya üzrə fəlsəfə doktoru, dosent Atif Zamanovdur.

Akademik İradə Hüseynovanın sərdliyi ilə keçirilən iclasda iddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək qeyd edib ki, ilk dəfə olaraq, γ-şüalanma və duz stresinin ayrı-ayrılıqda və birgə təsiri zamanı pambıq bitkisinin fiziolojı parametrlərində baş verən funksional dəyişikliklər kompleks şəkildə müqayisəli tədqiq edilib. Elmi axtarışların nəticələri nəzəri və fundamental xarakter daşımaqla yanaşı, şüalanma və yüksək duz qatılıqlarının pambıq bitkisinə təsiri zamanı yarpaq və kök sistemi hüceyrələrində baş verən adaptasiya prosesinin fizioloji-biokimyəvi mexanizmlərinin dərk olunmasına imkan verir.

 Daha sonra dissertasiya ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına öz münasibətini bildirib. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Şəhla Ələkbərovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.