sa sa 2034
Biotexnologiya ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto Sen 12, 2025 | 15:00 / Mühüm hadisələr

Sentyabrın 10-da AR ETN Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD 1.07 Dissertasiya Şurasında İsmayılova Günay İlman qızının 2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında “İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

İşin elmi rəhbərləri b.ü.f.d. Tofiq Qaragözov və b.ü.f.d. dosent Mahirə Məmmədova, opponentləri AMEA-nın həqiqi üzvü Məmməd Salmanov, biologiya elmləri doktoru, dosent Saib Güləhmədov və biologiya üzrə fəlsəfə doktoru Ülkər Neymətovadır.

AMEA-nın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə keçirilən iclasda iddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək bildirib ki, dissertasiya işinin əsas məqsədi normal və stres şəraitində alınmış hüceyrə kulturasında, regenerant və intakt bitkilərdə epigenetik dəyişikliklərin öyrənilməsi olmuşdur. Tədqiqat zamanı bitki toxuma kulturasında genotip, eksplant ölçüsü, fitohormonların qatılığı və qida mühitinin tərkibinin kallusun induksiyası, proliferasiyası və morfogenezinə təsir etdiyi müəyyən edilmişdir. Buğda rüşeymlərinin NaCl duzu ilə selektiv sistemdə becərilməsi zamanı kallusun proliferasiya intensivliyi ilə biokütlənin toplanması arasında mənfi korrelyasiyanınn mövcudluğu müşahidə olunmuşdur. Həmçinin, müəyyən edilib ki, buğda genotiplərində düyü (Houba), arpa (Sukkula) və soya (Sire1) bitkilərinə xas retrotranspozonlar mövcuddur və onların hərəkətliliyi becərilmə müddətindən asılı olaraq dəyişir.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib. İddiaçı opponentlərin tövsiyə və iradlarına cavab verib və şura üzvlərinin suallarını cavablandırıb. Şura üzvləri dissertasiya ilə bağlı öz fikirlərini bildiriblər. İddiaçının yekun sözləri dinlənildikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Günay İsmayılovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.