sa sa 1655
20 sentyabr – Dövlət Suverenliyi Günü Sen 20, 2025 | 16:00 / Mühüm hadisələr

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev bu əlamətdar günün təsis edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda xatırladılır ki, uzun illər ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız viran edilmiş, xalqımız etnik təmizləməyə məruz qalmışdır.  Lakin Azərbaycan xalqı öz mübarizə əzmini itirməmiş, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarını azad etmişdir. Bu Zəfərlə ölkəmiz ərazi bütövlüyünü bərpa etmiş, BMT qətnamələrinin icrasına nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Qarabağda törədilən təxribatlara cavab olaraq cəmi 23 saat davam edən antiterror əməliyyatı başlanmışdır. Azərbaycan Ordusu yüksək peşəkarlıqla bütün vəzifələri yerinə yetirmişdir. Nəticədə 2023-cü il sentyabrın 20-də dövlətimizin suverenliyi tam bərpa olunmuşdur. Bu gün üçrəngli bayrağımız Vətənimizin bütün guşələrində əzəmətlə dalğalanır. Suverenlik – xalqımızın ən böyük milli sərvəti, müstəqilliyimizin dayağıdır. Bu gün təkcə hüquqi sənədin qəbul tarixi deyil, həm də azadlıq eşqinin, milli birliyin, dövlətçilik yolunda əzm və qətiyyətin təntənəsidir. Dövlət Suverenliyi Günü xalqımızın öz müqəddəratını azad şəkildə müəyyən etmək əzmini, müstəqillik uğrunda göstərilən fədakarlığı və böyük idealları simvolizə edir. Azərbaycan xalqı hər il bu günü qeyd etməklə müstəqilliyimizin necə böyük zəhmət, mübarizə və qurbanlar bahasına qazanıldığını xatırlayır, onu qorumağın və gələcək nəsillərə ötürməyin məsuliyyətini bir daha dərk edir.