Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Cəlal Əliyev qiraətləri” keçirilib + Foto
Okt 19, 2025 | 20:00 / Konfranslar, iclaslar
17 oktyabr 2025-ci il tarixində “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin əziz xatirəsinə həsr olunmuş “Cəlal Əliyev qiraətləri” keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova görkəmli alim və ictimai-siyasi xadim Cəlal Əliyevin Azərbaycan elminin inkişafındakı əvəzsiz xidmətlərindən, zəngin elmi irsindən və məktəbinin bu gün də uğurla davam etdirilməsindən danışıb. O, həmçinin “Cəlal Əliyev qiraətləri”nin keçirilmə ənənəsi və məqsədi barədə konfrans iştirakçılarına geniş məlumat verib.
Daha sonra akademik İradə Hüseynova tədbirdə Koreya Respublikasının Soqanq Universitetinin Bitki Gen Tənzimlənməsi laboratoriyasının müdiri professor Byeong-ha Leenin dəvətli məruzəçi kimi çıxış edəcəyini bildirib və onun elmi fəaliyyəti haqqında qısa məlumat təqdim edib. Qeyd olunub ki, professor Lee bitkilərin aşağı temperatur, duzluluq və quraqlıq kimi ətraf mühit streslərinə reaksiyası və uyğunlaşma mexanizmlərinin molekulyar əsaslarının öyrənilməsi sahəsində beynəlxalq miqyasda tanınmış alimdir. O, doktorluq dissertasiyasını ABŞ-ın Arizona Universitetində müdafiə etmiş, daha sonra elmi fəaliyyətini nüfuzlu Cold Spring Harbor Laboratory-də davam etdirmişdir. Professor Lee Plant Cell, Plant Physiology və Frontiers in Plant Science kimi aparıcı beynəlxalq jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir, hazırda Frontiers in Plant Science jurnalında baş redaktorun müavini kimi fəaliyyət göstərir. Alimin tədqiqatları bitkilərin stresə davamlılığının molekulyar əsaslarının anlaşılmasına və bu istiqamətdə yeni strategiyaların formalaşdırılmasına mühüm töhfə vermişdir.
Sonra professor Byeong-ha Lee “Bitkilərdə abiotik streslərə davamlılığın artırılması strategiyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə konfrans iştirakçılarında böyük maraq doğurub, təqdimatdan sonra aparılan elmi müzakirələr bu sahədə qarşılıqlı əməkdaşlıq və birgə tədqiqatlar üçün geniş perspektivlərin mövcudluğunu göstərib.
Tədbirə yekun vuran akademik İradə Hüseynova konfrans iştirakçıları adından professor Byeong-ha Lee-yə səmimi təşəkkürünü bildirib və gələcəkdə elmi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.