Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, dosent Şahniyar Bayramov vəfat edib
Okt 20, 2025 | 19:00 / Mühüm hadisələr
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov oktyabr ayının 20-də qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Şahniyar Bayramov 1961-ci il iyulun 1-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra elmi fəaliyyətini biologiya sahəsində davam etdirmiş və mühüm elmi nəticələr əldə etmişdir. Şahniyar Bayramov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuş, gənc tədqiqatçıların yetişməsində mühüm rol oynamışdır. Ondan bilik, məsuliyyət və elmə sevgi öyrənmiş tələbələr və elmi rəhbərlik etdiyi gənc alimlər onu dərin hörmət və məhəbbətlə xatırlayırlar. Onun elmi və pedaqoji fəaliyyəti, səmimiyyəti və əməksevərliyi həmkarlarının və tələbələrinin yaddaşında daim yaşayacaqdır.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bütün kollektivi bu hadisədən böyük kədər hissi keçirir və mərhumun ailəsinə və bütün əzizlərinə dərin hüznlə başsağlığı verir, bu ağır itkini onlarla birgə bölüşürlər.
Allah rəhmət eləsin!