AMEA Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib + Foto
Okt 29, 2025 | 10:05 / Konfranslar, iclaslar
Oktyabrın 28-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hibrid formatda ümumi yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, BTEB Elmi şurasının sədri akademik İradə Hüseynova açaraq ümumi yığıncağın AMEA-nın 80 illik yubileyi və Böyük Zəfərin 5 illiyi ərəfəsində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Daha sonra o, gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Akademik İradə Hüseynova “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Ölkə Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə məlumat verib. Bildirib ki, bu təşəbbüs bir tərəfdən 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyini, digər tərəfdən isə dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə milli suverenliyini tam təmin etmiş 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin 5 illiyini qeyd etməyə xidmət edir.
Alim Azərbaycanın Konstitusiya quruluşunun tarixinə nəzər salaraq, müstəqil Azərbaycanın Konstitusiya quruluşunun əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini söyləyib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycan tarixinin şərəfli səhifələrini təşkil edir. Xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndərin qətiyyəti nəticəsində nail olmuşdur.
“Dahi Lider Heydər Əliyevin ən müxtəlif səviyyələrdə apardığı beynəlxalq danışıqlar, ardıcıl mübarizə gələcək Qarabağ Zəfərinin bünövrəsi idi”, – deyən akademik İradə Hüseynova vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı çoxcəhətli və məqsədyönlü fəaliyyət Qarabağın taleyini qəti surətdə müəyyən edib. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ən yeni tarixinin şanlı səhifələri yazılmaqdadır. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə “Böyük Qayıdış” proqramı davam etdirilir, irimiqyaslı bərpa və quruculuq işləri sayəsində doğma torpaqlarımız sürətlə dirçəlir. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.
Vitse-prezident “Konstitusiya və Suverenlik İli” ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın təsdiq edildiyini, il ərzində bütün institut və təşkilatlarda, o cümlədən bölmələrdə və onların əhatə etdiyi elmi-tədqiqat müəssisələrində müvafiq tədbirlərin həyata keçirildiyini söyləyib. O, AMEA, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və bir sıra beynəlxalq təşkilatların birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə və AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Həmçinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən ərzaq təhlükəsizliyinə dair beynəlxalq konfransın təşkil olunduğunu diqqətə çatdırıb.
Akademik İradə Hüseynova Bölmənin prioritet elmi istiqamətlərindən birinin rəqəmsallaşma və süni intellektlə bağlı olduğunu diqqətə çatdırıb və qeyd edib ki, Dövlət Başçısının rəqəmsal texnologiyaların və süni intellektin inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncamlardan irəli gələn tapşırıqların icrası istiqamətində məqsədyönlü tədqiqatların aparılmasına böyük ehtiyac vardır.
Bu gün rəqəmsal texnologiyalar həyatın bütün sahələrinə nüfuz edib və dünyada prioritet istiqamət kimi qəbul olunmaqdadır”, – deyən vitse-prezident bildirib ki, dünyanın bir çox ölkələrində süni intellekt mərkəzlərinin yaradılması və bu istiqamətdə elmi potensialın artırılması vacib məsələlərdəndir. Buna görə də, müasir elmin qarşısında duran əsas vəzifələrdən biri də süni intellekt və rəqəmsal innovasiyalar üzrə tədqiqatların daha geniş miqyasda həyata keçirilməsini təmin etməkdir.
Daha sonra akademik İradə Hüseynova gündəlikdə yer alan ikinci məsələ – AMEA-nın 80 illik yubileyinə hazırlıq işləri barədə məlumat verib və Ölkə Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da tədbirlər planının işlənib hazırlandığını və geniş şəkildə icra olunduğunu diqqətə çatdırıb.
Akademik İradə Hüseynova Azərbaycanda elmin və elm quruculuğunun tarixinə nəzər salaraq, Akademiyanın təməlinin 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin qurulması ilə qoyulduğunu söyləyib. Diqqətə çatdırıb ki, sistemli halda Azərbaycanda akademik qurumların fəaliyyəti 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin yaradılması ilə başlanıb. Bundan sonra Azərbaycan şöbəsinin tərkibində elmi istiqamətlər üzrə sektorlar yaradılıb, daha sonra onlar institutlara çevrilib. 1935-ci ildən isə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi müstəqil filial kimi fəaliyyətini davam etdirib. 1945-ci il martın 27-də isə Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası təsis edilib. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində müxtəlif elmi istiqamətlər üzrə elmi bölmələr fəaliyyət göstərib.
Alim AMEA-nın, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin 80 ildə böyük yol keçdiyini, Azərbaycan dövlətinin inkişafına, milli kadr hazırlığına öz töhfəsini verdiyini, müxtəlif istiqamətlər üzə elmi məktəblər yaratmış görkəmli alimlər nəsli yetişdirdiyini bildirib.
Akademik İradə Hüseynova AMEA-nın taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan Dahi Lider AMEA-nın inkişafına qayğısını heç vaxt əsirgəməyib, bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onu qoruyub və dilçəldib. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində milli elmimizin qüdrətli hamisi kimi çıxış edib. Azərbaycan elminin, Elmlər Akademiyasının yeni yüksəlişi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanıb, özünün kadr potensialını yaradıb, maddi-texniki bazasını möhkəmləndirib.
Ölkənin ali elmi qurumu olan Elmlər Akademiyası ilə birgə onun tərkibində müxtəlif adlar altında fəaliyyət göstərmiş Biologiya və Tibb Elmləri Bölməsi də bu il özünün 80 illik yubileyini qeyd edir.
Vitse-prezident Biologiya və Tibb Elmləri Bölməsinin inkişaf dövrünə nəzər salaraq, BTEB-in tərkibindəki institutlar, onların yaranma tarixləri, eləcə də Bölmədə fəaliyyət göstərən görkəmli alimlər və əldə olunmuş mühüm nailiyyətlər haqqında ətraflı məlumat verib. Bildirib ki, 1945-ci ilin aprel ayında Azərbaycan SSR Elmlər Akademiyasının Ümumi yığıncağının qərarı ilə Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsi yaradılıb və onun rəhbərliyi müvəqqəti olaraq akademik Mirəsədulla Mirqasımova tapşırılıb. Qısa bir müddət sonra Bölməyə akademik Mustafa Topçubaşov sədr təyin edilib. Müxtəlif illərdə Bölmədə nüfuzlu alimlər, o cümlədən akademik Vladimir Volobuyev, akademik Abdulla Qarayev, akademik Cəlal Əliyev, akademik Şamxal Tağıyev, akademik Musa Musayev, akademik Əhliman Əmiraslanov akademik-katib vəzifəsində çalışıblar.
O, Bölmə alimlərinin fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verdiklərini deyib. BTEB alimlərinin elmi məktəblər yaratdıqlarını, dəfələrlə Dövlət mükafatlarına, “Sosialist Əməyi Qəhrəmanı”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri, həmçinin Dövlət Başçısı tərəfindən təsis edilmiş digər mükafat və fəxri adlara, yüksək nüfuzlu medallara layiq görüldüklərini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova pandemiya dövründə Bölmə alimlərinin COVID-19-la bağlı aparılan tədqiqatlarda, eləcə də kütləvi informasiya vasitələrində və sosial platformalarda maarifləndirmə və təbliğat işlərində fəallıq nümayiş etdirdiklərini söyləyib. Alim, həmçinin 44 günlük Qarabağ savaşının gedişində və ondan sonrakı dövrdə informasiya müharibəsində BTEB alimlərinin fəal iştirak etdiklərini, müxtəlif mövzularda nəşrlər ortaya qoyduqlarını qeyd edib. O, möhtəşəm Zəfərdən sonra Bölmə tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsində keçirilmiş tarla seminarını xatırladaraq, alimlərin işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş silsilə tədbirlərə qatıldıqlarını, Qarabağ torpaqlarında multidissiplinar tədqiqatlar apardıqlarını bildirib. Bundan başqa, akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nadir və nəsli kəsilmək təhlükəsində olan növlər üzərində aparılmış tədqiqatların nəticələrinin də əks olunduğunu diqqətə çatdırıb.
Bölmə rəhbəri “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın böyük peşəkarlıqla ev sahibliyi etdiyi COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri barədə məlumat verib. Qeyd edib ki, BTEB əməkdaşları COP29 tədbirlərində panel müzakirələrində fəal iştirak edib, ardıcıl məqalələr nəşr etdiriblər. O, bu günlərdə özünün elmi redaktorluğu ilə çapdan çıxmış “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabından da bəhs edərək bildirib ki, sözügedən nəşrdə AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində həyata keçirilmiş çoxsaylı tədbirlər sistemləşdirilmiş şəkildə təqdim olunub, topluda 30-dan çox kitab və monoqrafiya, eləcə də 50-dən artıq elmi konfrans, dəyirmi masa, seminar və sərgi haqqında məlumat yer alıb.
Vitse-prezident ötən il AMEA-da 55 tədbirin gerçəkləşdirildiyini, 30-dan artıq kitab və monoqrafiyanın çap olunduğunu diqqətə çatdırıb.
Daha sonra o, elmi-tədqiqat müəssisələri tərəfindən 2025-ci il üzrə mühüm nəticələrin və AMEA üzvlərinin illik hesabatlarının təqdim olunması barədə məlumat verib.
Akademik İradə Hüseynova biologiya sahəsində tanınmış alimlər – AR ETN Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun 60 və AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradovun 65 illik yubileylərinin qeyd olunduğunu xatırladıb. Bölmə rəhbəri alimlərin yubileyləri münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edildiklərini söyləyib, əlamətdar gün münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA-nın müxbir üzvü Telman Ağayevin anadan olmasının 90 illiyi haqqında da məlumat verən vitse-prezident görkəmli alimin xatirəsinin anılacağını, onun çalışdığı AR ETN Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə birgə yubileyinin qeyd olunacağını bildirib.
Daha sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov Bölmə üzvləri adından akademik İradə Hüseynovanı 60 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və elmi-ictimai fəaliyyətində uğurlar arzulayıb.
Sonda bir sıra cari məsələlərə baxılıb.