Noyabrın 28-də AR ETN Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsdə Mehriban Sakit qızı Şabanovanın 2406.02 – Biokimya ixtisasında “Yeni sintez olunmuş [CUL2]BR2 metal-üzvü kompleksin fotosistem 2-yə inhibirləşdirici təsir mexanizminin tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri REA-nın müxbir üzvü Süleyman Allahverdiyevdir. Dissertasiya işinin rəsmi rəyçiləri biologiya üzrə fəlsəfə doktoru Pavel Paşkovskiy və fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevdir. İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi və alınan nəticələr barədə ətraflı məlumat verib. Mehriban Şabanova qeyd edib ki, iki valentli mis ionları əsasında olan metal-üzvü kompleks ilk dəfə Ankara şəhərində yerləşən Qazi Universitetinin alimləri tərəfindən sintez edilmiş və xarakterizə olunmuşdur. Təqdim olunan dissertasiya işində həmin kompleksin fotosistem 2-nin fotosintetik aktivliyinə qarşı inhibəedici təsirini müəyyənləşdirmək məqsədilə ilk dəfə geniş tədqiqat aparılmışdır. Tədqiqatın praktik əhəmiyyəti ondan ibarətdir ki, tədqiq olunan mis kompleksinin fotosistem 2-yə spesifik təsir göstərən yeni herbisid vasitələrinin prototipləri kimi istifadə olunması potensial olaraq mümkündür. Əldə edilmiş eksperimental məlumatlar mövcud sintetik herbisidlərə alternativ təşkil edə bilən, selektiv və ekoloji cəhətdən təhlükəsiz fotosintez inhibitorlarının hazırlanması üçün əsas yarada bilər.
Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması haqqında qərar qəbul olunub.