sa sa 751
Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsin əməkdaşı, b.ü.f.d. Aynurə Paşayeva Özbəkistanda keçirilən regional forumda iştirak edib + Foto Dek 01, 2025 | 16:00 / Ezamiyyətlər

AR ETN Molekulyar Biologiya İnstitutu Publik Hüquqi Şəxsin əməkdaşı, b.ü.f.d. Aynurə Paşayeva 26-28 noyabr 2025-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində elmi ezamiyyədə olub. Ezamiyyənin məqsədi ““SheSCİENCE 2025”: Elmi innovasiya ekosistemlərinin inteqrasiyası vasitəsilə regional inkişafın təşviqi” adlı regional forumunda iştirak etmək olmuşdur. İlk dəfə təşkil olunan forum Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin qadın alim və tədqiqatçılarını bir araya gətirməklə elmi əməkdaşlığın inkişafı istiqamətində mühüm platforma rolunu oynamışdır. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Azərbaycanı təmsil edən 60-dan çox qadın alim iştirak etmişdir. Forum çərçivəsində iqlim dəyişmələri və ekoloji dayanıqlıq, süni intellekt və rəqəmsal transformasiya, elmi diplomatiya, innovativ texnologiyalar və region ölkələri arasında birgə tədqiqatların təşkili kimi prioritet mövzular üzrə geniş müzakirələr aparılmışdır. Forumun yekununda iştirakçı ölkələri təmsil edən qadın alimlər tərəfindən regionda elmi və innovasiya ekosistemlərinin əlaqələndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, tədqiqat infrastrukturundan birgə istifadə mexanizmlərinin yaradılması və qadın tədqiqatçıların elmdə rolunun artırılmasına dair Birgə Bəyanat qəbul edilmişdir. Forum çərçivəsində “Böhranlar və region inkişafı üçün elmi-innovasiya ekosistemlərinin inteqrasiyası: maneələr və imkanlar” adlı panel sessiyada b.ü.f.d. Aynurə Paşayeva məruzə ilə çıxış etmişdir. Məruzənin başlıca mövzusu bölgənin elmi-innovasiya potensialının birləşdirilməsi, regional tədqiqat infrastrukturunun paylaşılması, multidissiplinar tədqiqatların (molekulyar biologiya, aqrobiotexnologiya, ekotədqiqatlar, bioinformatika və s.) region miqyasında koordinasiyası və qadın alimlərin elmi rəhbərlikdə iştirakının genişləndirilməsi idi. Çıxışda həmçinin Azərbaycanda 2025-ci ildə keçirilmiş COP29 konfransının region üçün əhəmiyyəti vurğulanmış, iqlim-dayanıqlılıq, su-torpaq resurslarının bərpası, biotexnoloji həllər və yaşıl texnologiyaların region üzrə tətbiqi üçün vahid elmi yanaşmanın zəruriliyi qeyd edilmişdir.  SheScience 2025 forumunda iştirak İnstitutun beynəlxalq əməkdaşlıq fəaliyyətinin genişləndirilməsi, elmi diplomatiyanın gücləndirilməsi və Azərbaycan qadın alimlərinin region miqyasında elmi proseslərdə fəal iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.