sa sa 3508
Molekulyar Biologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb + Foto Yan 19, 2026 | 16:00 / Tədbirlər

Bu gün AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Daha sonra İnstitutun Akt zalında 20 Yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu bildirib. O, 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələrin xalqımızın azadlıq iradəsini qıra bilmədiyini, əksinə milli birlik və müstəqillik əzmini daha da gücləndirdiyini vurğulayıb. Pənah Muradov çıxışında 20 Yanvar şəhidlərinin müasir Azərbaycan dövlətinin qurulmasında və müstəqilliyimizin bərpasında mühüm rol oynadıqlarını qeyd edərək, bu faciənin gənc nəsil tərəfindən unudulmamasının vacibliyini diqqətə çatdırıb. O, gənclərə tariximizi dərindən öyrənməyi, milli-mənəvi dəyərlərə sadiq qalmağı və Vətənə layiqli xidmət etməyi tövsiyə edib.

Daha sonra b.ü.f.d., dosent Ələmdar Məmmədov çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib. O, həmin gecə dinc əhaliyə qarşı ağır hərbi texnikanın tətbiq edildiyini, yüzlərlə insanın şəhid və yaralı olduğunu xatırladıb. Ələmdar Məmmədov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin şanlı səhifələrindən biridir və bu faciə milli yaddaşımızda əbədi olaraq qalacaq.

AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində dönüş nöqtəsi olduğunu bildirib. O, bu faciənin xalqın iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, Azərbaycan cəmiyyətində müstəqillik ideyalarının daha da möhkəmlənməsinə səbəb olduğunu qeyd edib. İbrahim Əzizov şəhidlərin göstərdiyi qəhrəmanlığın bu gün də gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayaraq, onların xatirəsinin daim uca tutulmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.