AR ETN Molekulyar Biologiya İnstitutunda “BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13): əhəmiyyəti və perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov açaraq tədbir iştirakçılarını Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni ilə tanış edib. O bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumu olan UN-Habitat tərəfindən təşkil olunan Forumun əhəmiyyəti və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Biologiya üzrə fəlsəfə doktorları Ulduzə Qurbanova, İlham Əliyev, Aynurə Paşayeva və başqaları çıxış edərək ölkəmizdə keçirilməsi planlaşdırılan bu forumun yalnız şəhərsalma mütəxəssislərinin deyil, siyasətçilərin, alimlərin, ictimaiyyət nümayəndələrinin və vətəndaş cəmiyyətinin bir araya gəldiyi qlobal dialoq platforması olduğunu vurğulayıblar. Xüsusilə qeyd olunub ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, regional liderliyinin və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir. Bu Forum Azərbaycanın təkcə enerji və neft mərkəz kimi deyil, həm də dayanıqlı şəhərsalma və ağıllı urbanizasiya sahəsində yeni model təqdim edən ölkə kimi tanınmasına imkan yaradır. Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji konsepsiyası, ekoloji şəhər modelləri, ağıllı kənd və ağıllı şəhər layihələri, davamlı resurs idarəçiliyi kimi yanaşmalar artıq real layihələr şəklində həyata keçirilir. Bu isə Qarabağı post-münaqişə dövründə dayanıqlı şəhərsalma üzrə beynəlxalq model məkana çevirmə potensialı yaradır.