Molekulyar Biologiya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb + Foto
Fev 26, 2026 | 15:43 / Tədbirlər
AR ETN Molekulyar Biologiya İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir çərçivəsində öncə Ana harayı abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra tədbir institutun akt zalında davam etdirilib. İştirakçılar Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Toplantını giriş sözü ilə açan institutun direktoru v.i.e. akademik İradə Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi haqqında geniş məlumat verib. Qeyd olunub ki, Xocalı soyqırımı nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə Yer üzündən silinib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, minlərlə insan yaralanıb və ya girov götürülüb. Bildirilib ki, bu faciə XX əsrin ən ağır humanitar cinayətlərindən biri kimi tarixə düşüb və Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımına ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini təmin edərək, 26 fevralın “Xocalı Soyqırımı Günü” elan olunmasına və hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli siyasətin formalaşdırılmasına nail olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu siyasəti ardıcıl davam etdirərək Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, bir sıra ölkə və qurumlar tərəfindən soyqırım və ya kütləvi qətliam aktı kimi kimi qəbul olunması və tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü və uğurlu diplomatik fəaliyyətlər həyata keçirib.
Sonra akademik İradə Hüseynova çıxışında Xocalı faciəsinin tarixi-siyasi qiymətləndirilməsi ilə yanaşı, postmünaqişə dövründə həyata keçirilən quruculuq və bərpa proseslərinə də toxunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması nəticəsində işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, müasir infrastruktur layihələri icra olunur, keçmiş məcburi köçkünlərin, o cümlədən Xocalı sakinlərinin doğma yurdlarına mərhələli və təhlükəsiz qayıdışı təmin edilir. Qeyd edilib ki, bu proses tarixi ədalətin bərpasının real təzahürü olmaqla yanaşı, Xocalı şəhidlərinin ruhuna ən böyük ehtiramın ifadəsidir.
Daha sonra AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Pənah Muradov, biologiya üzrə fəlsəfə doktorları, dosent Rasim Aslanov, dosent Ələmdar Məmmədov, dosent Aygün Qasımova, b.ü.f.d. Aqil Əhmədli, elmi işçilər Mətanət Baxışova, Günay İsmayılova, kiçik elmi işçi Elnarə Sadıqova çıxış edərək Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışıblar, faciənin tarixi-siyasi aspektlərinə toxunublar və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində bu cür anım tədbirlərinin mühüm rol oynadığını bildiriblər.
Tədbirdə Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.