sa sa 1977
Molekulyar Biologiya İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib + Foto Mart 06, 2026 | 14:32 / Tədbirlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru v.i.e., akademik İradə Hüseynova bir gün əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisinə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumuna və bu hücumla bağlı Azərbaycanın öz qəti mövqeyini ortaya qoymasına diqqət çəkib. O, qeyd edib ki, regionda bəzi qüvvələr təxribat törətməklə Azərbaycanı qorxutmağa və qarşıdurma yaratmağa çalışırlar. Lakin tarix də, reallıq da sübut edir ki, Azərbaycan dövləti və xalqı bu cür təhdidlər qarşısında heç vaxt geri çəkilməyib. Naxçıvanda mülki infrastruktura, o cümlədən hava limanına və yaşayış məntəqələrinə yönəlmiş dron zərbələri beynəlxalq hüququn kobud şəkildə pozulması və açıq terror aktı kimi qiymətləndirilir. Bu gün Azərbaycan güclü dövlətdir, qüdrətli ordusu və qətiyyətli siyasi rəhbərliyi var. Dövlət başçımız İlham Əliyevin prinsipial mövqeyi aydındır: Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdid cavabsız qalmayacaq. Qarabağda “Dəmir yumruq” iradəsini göstərmiş Azərbaycan dövləti istənilən təzyiq və təhlükəyə qarşı öz sözünü deməyə qadirdir. Akademik İradə Hüseynova bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki onun İlham Əliyev kimi qətiyyətli lideri vardır. Milli suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş bir xalqı heç bir təxribat, heç bir terror aktı qorxuda bilməz. Əksinə, belə hadisələr xalqımızın birliyini və dövlətimizə olan inamını daha da gücləndirir. İradə Hüseynova əminliyini bildirib ki, Azərbaycan dövləti öz gücü, siyasi iradəsi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə ölkəmizin təhlükəsizliyini bundan sonra da qətiyyətlə təmin edəcək.

Sonra akademik İradə Hüseynova Molekulyar Biologiya İnstitutunun qadın əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O, qadınların cəmiyyətin inkişafında, elmin və təhsilin tərəqqisində oynadığı mühüm roldan bəhs edib və bildirib ki, tarix boyu Azərbaycan qadınları öz zəhmətkeşliyi, yüksək intellekti və fəallığı ilə ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm mövqe tutublar. Akademik İradə Hüseynova qeyd edib ki, müasir dövrdə də Azərbaycan qadınları müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində mühüm nailiyyətlər əldə edir, ölkənin elmi potensialının inkişafına əhəmiyyətli töhfələr verirlər. Natiq vurğulayıb ki, Molekulyar Biologiya İnstitutunun kollektivində qadın əməkdaşlar xüsusi yer tutur və onların əksəriyyəti elmi-tədqiqat fəaliyyətlərində geniş şəkildə iştirak edir. Qeyd olunub ki, institutda çalışan qadın alim və mütəxəssislər elmin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatlarda əldə etdikləri mühüm fundamental və tətbiqi nəticələrlə ölkə elminin inkişafına töhfə verirlər. Çıxış zamanı həmçinin qadınların cəmiyyətdəki mövqeyi, ailə və peşə fəaliyyətini uğurla uzlaşdırmaları, gənc nəslin formalaşmasında və mənəvi dəyərlərin qorunub saxlanılmasında oynadıqları mühüm rol xüsusi vurğulanıb. Akademik İradə Hüseynova bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi və elmi-intellektual fəaliyyətə daha geniş şəkildə cəlb olunmaları üçün bütün imkanlar yaradılıb.

Daha sonra tədbirdə çıxış edən AMEA-nım müxbir üzvləri Novruz Quliyev və İbrahim Əzizov, biologiya elmləri doktoru Yaşar Feyziyev, Təchizat və xidmət şektorunun əməkdaşı Fəzail Məmmədov, b.ü.f.d., dosent Ələmdar Məmmədov, kiçik elmi işçi Ruslan Süleymanov, mühasib Tovuz Seidəli, institutun Həmkarlar təşkilatının sədri, b.ü.f.d. Səadət Xudaverdiyeva qadınların elmin, cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs edərək xanım əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar. Tədbirin sonunda institutun qadın əməkdaşlarına bayram münasibətilə hədiyyələr təqdim edilib.