“Sabahın alimləri” müsabiqəsində biologiya istiqaməti üzrə qızıl medal təqdim olunub + Foto
Mart 10, 2026 | 19:00 / Mühüm hadisələr
3-5 mart tarixlərində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin açılış mərasimi 3 mart tarixində baş tutub, həmin gün iştirakçılar tərəfindən posterlər və tədqiqat nümunələri nümayiş etdirilib. Final mərhələsi çərçivəsində müvafiq layihələr təqdim olunub və müzakirələr aparılıb. Mükafatlandırma mərasimi isə 5 mart tarixində Bakı Ali Neft Məktəbində təşkil edilib.
Müsabiqədə IX-XI sinif şagirdlərinin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə elmi-tədqiqat layihələri təqdim olunub. Ümumilikdə, müsabiqəyə 760 layihə təqdim edilib, seçim mərhələsinin nəticələrinə əsasən, 152 layihə final mərhələsinə vəsiqə qazanıb.
Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Kənan Kərimzadə belə müsabiqələrin gənclərin elmi və innovativ potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbirdə həmçinin Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qalibləri təbrik edib.
Müsabiqənin nəticələrinə əsasən, iştirakçılar 16 qızıl, 35 gümüş və 56 bürünc olmaqla, ümumilikdə 107 medal qazanıblar, həmçinin 6 “Xüsusi mükafat” təqdim olunub.
ADA məktəbinin 11-ci sinif şagirdi Mehriban Səttarovanın “İn vitro şəraitdə buğdanın müxtəlif sortlarının hüceyrə kulturasında fitohormonların sitoloji və histoloji dəyişikliklərə təsiri” mövzusunda təqdim etdiyi layihə biologiya istiqaməti üzrə I yerə (qızıl medal) layiq görülüb. Layihənin elmi rəhbəri AR ETN “Molekulyar Biologiya İnstitutu” PHŞ-nin direktoru v.i.e., akademik İradə Hüseynova, laboratoriya mentoru isə institutun Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Günay İsmayılova olublar.
Tədqiqat işinin aparılmasında Azərbaycan Tibb Universitetinin Elektron mikroskopiya şöbəsinin texniki imkanlarından istifadə edilib, müvafiq araşdırmalar biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayevin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir və əsas məqsədi şagirdlərin elmi tədqiqat fəaliyyətinə marağının artırılmasıdır.
Gənc tədqiqatçı Mehriban Səttarovanı əldə etdiyi bu uğur münasibətilə təbrik edir, gələcək təhsil və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.