sa sa 1672
Molekulyar Biologiya İnstitutunda Molekulyar biologiya ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto Mart 11, 2026 | 13:35 / Mühüm hadisələr

Martın 11-də Molekulyar Biologiya İnstitutunda Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Lalə Əhməd qızı Axundovanın 2415.01– Molekulyar biologiya ixtisasında “Azərbaycanda şəkərli diabetin müxtəlif formalarına irsi meyilliliyin molekulyar-genetik tədqiqi” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbərləri, akademik İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayevdir. İşə rəsmi rəy tibb elimləri doktoru, professor Valeh Mirzəzadə və biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova tərəfindən verilmişdir.

Tədbiri açan institutun direktoru v.i.e. akademik İradə Hüseynova dissertasiya işinin rəhbəri olduğundan bugünkü iclasa sədrliyi AMEA-nın müxbir üzvü Novruz Quliyevin edəcəyini bildirib və onu müzakirəni aparmağa dəvət edib. İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva iddiaçının anket məlumatları ilə iclas iştirakçılarını tanış edib. Sonra söz Lalə Axundovaya verilib.

İddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edib, işin aktuallığı, məqsədi və alınan nəticələr barədə ətraflı məlumat verib. Lalə Axundova qeyd edib ki, təqdim olunan dissertasiya işinin əsas məqsədi şəkərli diabetə irsi meylliliyin kompleks şəkildə öyrənilməsi, bunun üçün I və II tip şəkərli diabetlə, eləcə də bütövlükdə populyasiya ilə assosiasiya olunan spesifik genlərin SNP polimorfizmlərinin tədqiq edilməsidir. Tədqiqat zamanı risk allelləri, genotiplər, genetik modellər və mümkün genotip kombinasiyaları müəyyən edilmiş, onların tezlikləri hesablanmış, həmçinin populyasiya səviyyəsində müxtəlif yanaşmalardan (şanslar nisbəti, nisbi risk, assosiasiyanın p-dəyərləri və s.) istifadə etməklə onların diabetin inkişaf riski ilə əlaqəsi qiymətləndirilmişdir.

Dissertasiya ətrafında geniş müzakirələr aparılıb. İddiaçı verilən sualları cavablandırıb, irad və təkliflərə öz münasibətini bildirib. İclasın sonunda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması haqqında qərar qəbul olunub.