sa sa 546
27 Mart – Elm Günüdür Mart 27, 2026 | 14:00 / Mühüm hadisələr

27 mart Azərbaycanda Elm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün Azərbaycan Respublikasında elmin inkişafına göstərilən dövlət qayğısının, elmi potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin və alim əməyinə verilən yüksək dəyərin bariz ifadəsidir. Elm Gününün məhz 27 mart tarixində qeyd olunması təsadüfi deyil. 1945-ci ilin məhz bu günündə Azərbaycan Elmlər Akademiyası yaradılıb. Elm hər bir cəmiyyətin tərəqqisinin əsas dayaqlarından biri olmaqla, iqtisadi inkişafın sürətləndirilməsində, innovativ texnologiyaların tətbiqində, eləcə də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır. Müasir dövrdə elmi biliklərin praktik tətbiqi, fundamental və tətbiqi tədqiqatların inteqrasiyası ölkələrin rəqabət qabiliyyətinin artırılmasında həlledici əhəmiyyət kəsb edir.

Azərbaycanda elmin inkişafı istiqamətində mühüm addımlar atılır, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası gücləndirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir və gənc kadrların elmə cəlb olunmasına xüsusi diqqət yetirilir. Alimlərimizin müxtəlif sahələr üzrə əldə etdikləri nailiyyətlər ölkəmizin elmi nüfuzunun artmasına xidmət edir. Elm Günü həm də elmi ictimaiyyət üçün hesabat vermək, əldə olunan nəticələri dəyərləndirmək və gələcək prioritetləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün, eyni zamanda, gənc nəslin elmə marağının artırılması, onların tədqiqat fəaliyyətinə cəlb olunması və elmi düşüncə tərzinin formalaşdırılması üçün geniş imkanlar yaradır.

Bu əlamətdar gün münasibətilə bütün alimləri, tədqiqatçıları, müəllimləri və elm sahəsində çalışan mütəxəssisləri ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni elmi nailiyyətlər, uğurlar və gələcək fəaliyyətlərində davamlı inkişaf arzulayırıq.