Müqəddəs ailə ənənələrinin ləyaqətli davamçısı
Mart 31, 2026 | 20:00 / Nəşrlər
Danılmaz faktdır ki, hər bir ölkənin həqiqi gücü, inkişaf potensialı və tarixi davamlılığı dünyaya bəxş etdiyi yüksək intellektual səviyyəyə, dərin mənəvi-əxlaqi dəyərlərə və yaradıcı təfəkkürə malik insan kapitalı ilə ölçülür. Azərbaycanın çoxəsrlik tarixinə və cəmiyyətinin kamilləşmə dinamikasına nəzər saldıqda aydın görünür ki, burada müxtəlif dövrlərdə görkəmli elm adamları, mütəfəkkirlər, böyük ictimai və dövlət xadimləri milli və ümumbəşəri kontekstdə silinməz izlər buraxmış, öz fəaliyyətləri ilə həm xalqın tərəqqisinə, həm də qlobal elmi və ictimai fikrin inkişafına ciddi təsir göstərmişlər.
Müasir mərhələdə bu ənənə yeni məzmun və keyfiyyət kəsb edərək, bütün istiqamətlərdə, o cümlədən tibb elmi və səhiyyə sahəsində də aydın təzahür etməkdədir. Ölkənin tibb elmində əldə olunan mühüm nailiyyətlərin arxasında, hər şeydən əvvəl, strateji düşüncəyə malik, tədqiqat nəticələrini praktiki müstəviyə daşımağı bacaran və sistemli yanaşma formalaşdıran şəxsiyyətlərin fəaliyyəti dayanır. Belə simalar mövcud strukturları idarə etməklə yanaşı, elm qarşısında problemlər qoyur, peşəkar məktəblər yaradır və bütövlükdə məşğul olduqları sahənin inkişaf məntiqini dəyişdirirlər.
Tibb elmində və milli səhiyyənin inkişafında oynadığı rola görə xalqın sevgisini qazanmış fenomen şəxsiyyətlərdən biri 80 illik yubileyini qeyd etdiyimiz görkəmli onkoloq-alim, elm və səhiyyə təşkilatçısı, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, AMEA Rəyasət Heyətinin üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cəmil Əziz oğlu Əliyevdir. Onun çoxşaxəli elmi, kliniki və təşkilati fəaliyyəti, dərin tədqiqatçı zəkası, mahir cərrahlıq bacarıqları, müdrik ictimai və siyasi xadim keyfiyyətləri Azərbaycan onkologiyasının təşəkkülünə, milli səhiyyə sisteminin müasir çağırışlara adekvat şəkildə yenidən qurulmasına mühüm töhfələr vermişdir. Akademik Cəmil Əliyev fəaliyyəti dövründə yüksək ixtisaslı həkim və məhsuldar alim olmaqla yanaşı, elmi ideyanı praktik nəticəyə çevirə bilən, kadr potensialını formalaşdıran və institusional inkişafı təmin edən strateji düşüncəli təşkilatçı kimi hər zaman seçilmişdir. Cəmil Əliyev fenomeni “şəxsiyyət – məktəb – sistem” konseptual üçlüyü çərçivəsində dərk olunmalıdır. Bu üçlük onun bütün yaradıcı fəaliyyətinin mahiyyətini aydınlatmaqla, Azərbaycan elminin inkişafında lider şəxsiyyətlərin rolunu da bariz şəkildə nümayiş etdirir.
Böyük alimin 80 illik yubileyinin qeyd edilməsi elmin, peşəkarlığın və yüksək insani keyfiyyətlərin vəhdətində formalaşmış bir ömür yoluna dövlət, xalq və elmi ictimaiyyət tərəfindən verilən yüksək qiymətin daha bir göstəricisidir.
Məlumdur ki, XX əsrin ikinci yarısından etibarən dünya miqyasında onkologiya elmi sürətli transformasiya mərhələsinə qədəm qoymuş, diaqnostika və müalicə metodlarında köklü dəyişikliklər baş vermişdir. Bu qlobal elmi dinamika fonunda Azərbaycan onkologiyasının da müasir standartlara uyğunlaşdırılması, yeni metodoloji yanaşmaların tətbiqi və ixtisaslaşmış tibbi xidmətin təşkili kimi məsələlər xüsusi aktuallıq kəsb etmişdir. Məhz belə bir mürəkkəb və məsuliyyətli dövrdə akademik Cəmil Əliyev həm elmi ideyaların generatoru, həm də onların praktiki səhiyyə sistemində tətbiqinin təşəbbüskarı kimi çıxış etmişdir.
Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Milli Onkologiya Mərkəzi (MOM) tədricən regionun ixtisaslaşmış aparıcı tibbi-elmi müəssisələrindən birinə çevrilmiş, burada müasir onkologiyanın əsas istiqamətləri – cərrahi onkologiya, radioterapiya, kimyaterapiya və molekulyar diaqnostika vahid sistem daxilində inteqrasiya olunmuşdur. Bu isə həm müvafiq tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, həm də elmi tədqiqatların kliniki praktikaya operativ transferi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xalqa və dövlətə sədaqətli xidməti ilə Azərbaycan tarixində şərəfli iz qoymuş ziyalı bir nəslin genetik kodunun daşıyıcısı olan akademik Cəmil Əliyev 30 mart 1946-cı ildə milli elm və səhiyyəmizin görkəmli şəxsiyyətlərindən biri, tanınmış ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmış, erkən yaşlarından intellektual ab-havanın, zəhmətkeşlik və məsuliyyət kimi dəyərlərin hökm sürdüyü bir ailə atmosferində tərbiyə almışdır. Bu mühit onun dünyagörüşünün formalaşmasında, elmə və insanlara xidmət ideyasının həyat amalına çevrilməsində mühüm rol oynamışdır.
XX əsrin ilk onilliklərindən etibarən bu ailənin taleyi mürəkkəb və zəngin coğrafi-mədəni trayektoriya üzrə formalaşmışdır: İrəvandan başlayaraq Naxçıvanın Şahtaxtı kəndinə, oradan isə Cənubi Azərbaycanın Ərəblər kəndinə uzanan bu yol 1923-cü ildən etibarən Bakıda sabit məcraya düşmüşdür. Sonrakı dövrlərdə ailənin həyat tarixçəsinə Dağıstanda və Moskvadakı elmi-mədəni mərkəzlərin də əlavə olunması onun intellektual inkişaf arealını daha da genişləndirmişdir. Bu çoxşaxəli mühitdə formalaşan ənənələr, nəsildən-nəslə ötürülən bilik və dəyərlər sistemi Əliyevlər ailəsində təhsilə, elmə və xüsusilə tibb sahəsinə xüsusi meylin yaranmasında həlledici rol oynamışdır. Məhz bu zəmin üzərində yüksələn professor Əziz Əliyev fitri istedadı, gərgin zəhməti, geniş dünyagörüşü və fundamental bilikləri ilə Azərbaycan səhiyyəsi və dövlətçilik tarixində silinməz izlər qoymuşdur.
İnsan həyatına müxtəlif emosional qatların – sevinc və fərəh, kədər və itkilərin vəhdətindən formalaşan mürəkkəb bir kateqoriya kimi baxmaq olar. Akademik Cəmil Əliyevin həyat yolu da bu baxımdan zəngin və çoxcəhətli olmuşdur. Onun 16 yaşında atasını itirməsi həyatının ən həssas və dayağa ehtiyac duyduğu bir dövründə baş verən ağır sınaq kimi yaddaşında qalmışdır. Bu itki gənc Cəmili sarsıtsa da, daha da möhkəmləndirmiş, atasının mənəvi irsini layiqincə davam etdirmək məsuliyyətini daha dərindən dərk etməsinə səbəb olmuşdur.
Böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə xanım və dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyeva, eləcə də yaxın qohumları – Göyçək xanım, Ziyad Əliyev, Şamama xanım Ələsgərova və başqaları Azərbaycan səhiyyəsinin və elminin inkişafında mühüm rol oynamış simalar olmuşlar. Xüsusilə, Qurban Əliyevin uzun illər ali və orta ixtisas təhsili naziri kimi fəaliyyəti, Yusif Əliyevin isə tanınmış həkim və səhiyyə təşkilatçısı kimi xidmətləri bu ailənin ölkənin ictimai-intellektual həyatındakı yerini bir daha təsdiqləyir.
Cəmil Əliyevin həyat yolunda anasının sonsuz qayğısı, böyük qardaşının, bacılarının, yaxın qohumlarının və səmimi dostlarının dəstəyi xüsusi yer tutmuşdur. Bu şəxslər mürəkkəb və məsuliyyətli anlarda gənc Cəmilin yanında olaraq ona həm mənəvi güc, həm də həyat istiqaməti vermiş, taleyin sınaqlarını daha mətinliklə qarşılamasına şərait yaratmışlar. Cəmil Əliyev həyatında verdiyi qərarlarla, seçdiyi peşə yolu ilə və göstərdiyi ardıcıl fəaliyyətlə prinsipial mövqeyə malik, sabitqədəm bir şəxsiyyət olduğunu sübut etmiş, ailəsinə, mənsub olduğu dəyərlərə və bütövlükdə xalqına sədaqətini konkret əməli fəaliyyətləri ilə təsdiqləmişdir.
1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş Cəmil Əliyev bu nüfuzlu təhsil ocağında keçirdiyi illərdə dərin biliklər əldə etmiş, həmçinin gələcək elmi fəaliyyətinin istiqamətlərini müəyyənləşdirmişdir. Tələbəlik dövründə göstərdiyi yüksək akademik göstəricilər, elmi dərnəklərdə fəal iştirakı və müəllimləri tərəfindən xüsusi qeyd olunan analitik düşüncə tərzi Cəmil Əliyevin gələcəkdə elmi tədqiqatlara meyillənəcəyini aydın şəkildə nümayiş etdirirdi.
Gənc Cəmil çətinliklərdən qorxmamış, məqsədyönlülüyü və tədqiqatlara yüksək marağı ilə yaşıdlarından seçilən bir tələbə olaraq az öyrənilmiş istiqamətlərə daha çox maraq göstərmişdir. Tədqiqatçının seçdiyi istiqamət təsadüfi deyildi: məhz həmin dövrdə onkologiya dünya tibbinin ən mürəkkəb və prioritet sahələrindən birinə çevrilməkdə idi. Cəmil Əliyevin onkologiya elminə həvəs göstərməsində Azərbaycanın görkəmli onkoloqu, professor Arif Abbasovun da rolu əhəmiyyətli olmuşdur. İnstitutu bitirdikdən sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Arif Abbasovun rəhbərlik etdiyi Onkologiya kafedrasında baş laborant vəzifəsində çalışması da həyat yolunda qəti seçim etməsinin təsdiqi hesab oluna bilər. Məhz bu böyük alimin elmi rəhbərliyi ilə tədqiqat işlərini genişləndirən Cəmil Əliyev burada bədxassəli şişlərin diaqnostikası və müalicəsinin elmi əsaslarına dair ilk ciddi tədqiqatlarını aparmışdır. O, qısa müddət ərzində “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, 1973-cü ildə tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
Alimin erkən elmi fəaliyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri seçdiyi problemlərə kompleks yanaşma, kliniki müşahidələrlə eksperimental nəticələri uzlaşdırmaq və əldə olunan nəticələri praktiki tətbiqə yönəltmək bacarığı idi. Bu xüsusiyyətlər sonralar Cəmil Əliyevin bütün elmi yaradıcılığının səciyyəvi cəhətlərinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda 1969-cu ildən etibarən həyata keçirilən məqsədyönlü kadr siyasəti milli elmi potensialın formalaşdırılmasında mühüm mərhələ təşkil etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri istedadlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elmi mərkəzlərinə göndərilərək, onların yüksək səviyyəli təhsil və tədqiqat imkanları ilə təmin olunması idi. Uzaqgörənliklə reallaşdırılan bu yanaşma əslində gələcək müstəqil Azərbaycanın intellektual və peşəkar kadr bazasının yaradılmasına xidmət edirdi.
Məhz belə bir strateji mühitdə yetişən gənc alimlərdən biri də Cəmil Əliyev olmuşdur. Ona göstərilən etimad və dövlət qayğısı, eləcə də şəxsi məqsədyönlülüyü və elmi ambisiyası gələcək alimi SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜOEM) doktorantura təhsilini davam etdirməyə yönləndirmişdir. Bu elmi mərkəz həmin dövrdə onkologiya sahəsində ən nüfuzlu tədqiqat platformalarından biri hesab olunurdu və burada fəaliyyət göstərmək gənc tədqiqatçılar üçün çox yüksək bir məktəb demək idi.
Burada alim-tədqiqatçı kimi formalaşan Cəmil Əliyev dövrün tanınmış onkoloqları – mərkəzin baş direktoru, akademik Nikolay Bloxin və görkəmli alim, akademik Nikolay Trapeznikovla sıx əməkdaşlıq şəraitində çalışmışdır. Gənc tədqiqatçının istedadı, zəhmətkeşliyi və seçdiyi elmi istiqamətin aktuallığı bu alimlər tərəfindən yüksək qiymətləndirilmiş, onlar Cəmil Əliyevin onkoloji xəstələrin müalicəsində dəri plastikasının tətbiqi kimi mürəkkəb və az öyrənilmiş sahəyə həsr etdiyi doktorluq dissertasiyasına elmi məsləhətçilik etmişlər.
Bu istiqamətdə apardığı araşdırmalar nəticəsində gənc alim radikal cərrahi müdaxilə ilə yanaşı, funksional və estetik nəticələrin qorunmasının vacibliyini elmi şəkildə əsaslandırmışdır. Onun bu sahədə əldə etdiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmiş, onkoloji cərrahiyyədə geniş tətbiq olunan rekonstruktiv metodların inkişafına mühüm töhfə vermişdir.
Cəmil Əliyev apardığı elmi tədqiqatların empirik bazasını genişləndirmək məqsədilə keçmiş SSRİ-nin müxtəlif regionlarına, xüsusilə də həmin dövrdə dəri xərçənginin daha geniş yayıldığı ərazilərdən biri kimi seçilən Tacikistan SSR-də dəfələrlə elmi ezamiyyətlərdə olmuşdur. Bu səfərlər ona zəngin kliniki material toplamaq, xəstəliklərin regional xüsusiyyətlərini müqayisəli şəkildə təhlil etmək və əldə etdiyi nəticələri daha əsaslı elmi ümumiləşdirmələrə çevirmək imkanı vermişdir.
Toplanmış geniş faktiki material və aparılmış sistemli tədqiqatlar nəticəsində Cəmil Əliyev elmi işini uğurla tamamlamış və 1978-ci ildə ÜOEM-də “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusunda doktorluq dissertasiyasını yüksək səviyyədə müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1974-1978-ci illərdə ÜOEM-də əvvəlcə elmi işçi, daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərən Cəmil Əliyev paralel olaraq mərkəzin kliniki bazası rolunu oynayan Podolsk Mərkəzi Xəstəxanasında fəal cərrahi praktikaya cəlb olunmuşdur. O, burada çoxsaylı mürəkkəb əməliyyatlarda iştirak edərək, həm peşəkar cərrahi bacarıqlarını təkmilləşdirmiş, həm də apardığı elmi tədqiqatların nəticələrini birbaşa sınaqdan keçirmək imkanı əldə etmişdir.
Həmin dövrdə Moskva kimi böyük elmi mərkəzdə qalmaq və fəaliyyət göstərmək, xüsusilə, orada təhsil almış və ya tədqiqat aparmış mütəxəssislər üçün arzulanan və hər kəsə nəsib olmayan bir imkan hesab edilirdi. Belə bir şəraitdə ÜOEM-in rəhbərliyi və elmi məsləhətçiləri tərəfindən Cəmil Əliyevin öz fəaliyyətini mərkəzdə davam etdirməsi üçün təkidli təkliflər irəli sürülsə də, o, fərqli seçim edərək Vətənə qayıtmağı üstün tutmuşdur. Bu qərar alimin peşəkar ambisiyalarından daha çox milli məsuliyyət hissini və əldə etdiyi bilik və təcrübəni Azərbaycan səhiyyəsinin inkişafına yönəltmək istəyini aydın şəkildə əks etdirirdi.
1978-ci ildən etibarən Cəmil Əliyev Azərbaycan SSR Səhiyyə Nazirliyinin Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamış, ümumi onkologiya şöbəsinin rəhbəri vəzifəsinə irəli çəkilmişdir. Sonrakı illərdə bu müəssisə böyük inkişaf yolu keçərək, Milli Onkologiya Mərkəzi adı ilə tanınmışdır. Cəmil Əliyev qısa müddət ərzində burada özünü yüksək peşəkarlığa malik mütəxəssis və güclü təşkilatçı kimi təsdiq etmiş, elmi-tədqiqat işlərinin səmərəli təşkili, kliniki fəaliyyətin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Bu uğurların məntiqi nəticəsi olaraq, o, 1980-ci ildə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
Cəmil Əliyevin elmi fəaliyyətinin intensivliyi və əldə etdiyi nəticələrin əhəmiyyəti qısa müddətdə geniş elmi ictimaiyyət tərəfindən də qəbul olunmuşdur. 1987-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Cəmil Əliyevin elmdə qazandığı nailiyyətlər, sanballı elmi əsərləri və onkologiya sahəsindəki töhfələri yüksək qiymətləndirilmiş, ona professor elmi adı verilmişdir.
Akademik Cəmil Əliyevin fəaliyyətində elmi yaradıcılıqla təşkilati liderliyin vəhdəti xüsusi yer tutur. Onun rəhbərlik keyfiyyətləri səhiyyə sisteminin modernləşdirilməsi, elmi-innovativ mühitin formalaşdırılması və institusional davamlılığın təmin olunması kontekstində təzahür edir. 1990-cı ildə professor Cəmil Əliyevin Milli Onkologiya Mərkəzinə (o dövrdə Respublika Onkoloji Elmi Mərkəzi) baş direktor təyin olunması alimin həyat və fəaliyyətində yeni, son dərəcə məsuliyyətli bir mərhələnin başlanğıcı olmuşdur. Müstəqilliyə doğru çox gərgin keçid dövründə bu vəzifə dərin strateji baxış, sistemli yanaşma və böyük təşkilatçılıq qabiliyyəti tələb edirdi.
Məhdud maddi-texniki imkanlara, zəif infrastruktura malik olan bu tibb müəssisəsi qısa müddət ərzində akademik Cəmil Əliyevin rəhbərliyi ilə köklü transformasiya yolu keçmişdir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müasir tələblərə cavab verən, şəhərcik tipli kompleks quruluşa malik, çoxsaylı ixtisaslaşmış korpusları birləşdirən, ən yeni tibbi avadanlıqlar və texnoloji imkanlarla təchiz edilmiş, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasını kompleks şəkildə öyrənən güclü kliniki-elmi mərkəz yaradılması mümkün olmuşdur. Burada yüksək ixtisaslı həkim kadrlarının hazırlanması, elmi potensialın gücləndirilməsi və multidissiplinar yanaşmaya əsaslanan müasir tibbi xidmət modelinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli iş aparılmışdır. Nəticədə, MOM tədricən regionun aparıcı onkoloji mərkəzlərindən birinə çevrilərək, həm kliniki, həm də elmi fəaliyyət sahəsində beynəlxalq standartlara uyğun səviyyəyə yüksəlmişdir. Mərkəzdə hər il minlərlə mürəkkəb cərrahi əməliyyatın icra olunması burada yaradılmış müasir müalicə və diaqnostika imkanlarının səmərəliliyini aydın şəkildə nümayiş etdirir. Dünyanın aparıcı ölkələrindən mərkəzi ziyarət edən mütəxəssislər və rəsmi qonaqlar bu tibb müəssisəsində formalaşdırılmış yüksək standartları, müasir infrastrukturu və peşəkar tibbi xidmət səviyyəsini xüsusi olaraq qeyd edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə inşa olunmuş cərrahiyyə korpusu öz müasirliyi və funksionallığı ilə seçilir, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkologiya Klinikası isə bu sahədə ilk ixtisaslaşmış strukturlardan biri kimi mühüm əhəmiyyət daşıyır.
Akademik Cəmil Əliyevin formalaşdırdığı idarəetmə modelinin əsasını mərkəzləşdirilmiş koordinasiya ilə funksional çevikliyin rasional uzlaşdırılması təşkil edir. Bu yanaşma müxtəlif profilli bölmələrin – cərrahiyyə, şüa terapiyası, kimyaterapiya, laborator diaqnostika və digər istiqamətlərin vahid qərarvermə mexanizmi çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratmışdır. Multidissiplinar konsiliumların tətbiqi və xəstə yönümlü qərarların kollegial əsasda qəbul olunması müalicənin effektivliyini və keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Mərkəzin inkişaf strategiyasında yüksək texnologiyalı tibbi xidmətlərin tətbiqi xüsusi yer tutur. Akademik Cəmil Əliyevin təşəbbüsü ilə burada robotik cərrahiyyə sistemləri, müasir radioterapiya kompleksləri və molekulyar-genetik diaqnostika laboratoriyaları yaradılmışdır. Rəqəmsal səhiyyə texnologiyalarının tətbiqi, süni intellektə əsaslanan diaqnostika sistemlərinin inkişafı, eləcə də translyasiyaedici tədqiqatların genişləndirilməsi mərkəzin strateji istiqamətləri sırasında yer alır. Bu yanaşma MOM-un uzunmüddətli dayanıqlı inkişafına, həmçinin Azərbaycan tibbinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Akademik Cəmil Əliyevin təşkilati fəaliyyətinin mühüm istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqların sistemli şəkildə qurulması olmuşdur. Müxtəlif ölkələrin aparıcı onkoloji mərkəzləri ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi konfrans və simpoziumların təşkili, mütəxəssis mübadiləsi proqramlarının həyata keçirilməsi Azərbaycan onkologiyasının qlobal elmi məkanla inteqrasiyasını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Bu proses yalnız bilik və təcrübə mübadiləsi ilə məhdudlaşmamış, həm də yerli elmi potensialın beynəlxalq səviyyədə tanınmasına xidmət etmişdir.
Akademik Cəmil Əliyevin idarəetmə fəlsəfəsinin səciyyəvi xüsusiyyətlərindən biri də insan resurslarına verilən xüsusi önəmdir. Onun peşəkar kadrların seçilməsi, onların davamlı inkişafının təmin olunması və motivasiyaedici iş mühitinin yaradılması məsələlərinə strateji yanaşaraq, nəticədə yüksək ixtisaslı, məsuliyyətli və vahid məqsəd ətrafında birləşmiş güclü kollektiv formalaşdırmağa nail olmuşdur.
Ötən illər ərzində MOM-a rəhbərliklə, eləcə də respublika üzrə ona tapşırılmış digər vəzifələrin icrası ilə bağlı apardığı işin kifayət qədər gərgin olmasına və çox vaxt aparmasına baxmayaraq, Cəmil Əliyev elmi tədqiqatlarını daim davam etdirmişdir. Bu tədqiqatlarda nail olduğu uğurlar, əldə etdiyi mühüm elmi və texnoloji yeniliklər alimə dünya şöhrəti gətirmiş və o, ölkə hüdudlarından kənarda da virtuoz cərrah və nüfuzlu alim, səhiyyə və elm təşkilatçısı kimi tanınmışdır. Cəmil müəllimin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlər üzrə geniş həcmdə elmi tədqiqat işləri aparılmış, bütün dünyanın elmi dairələrində qəbul olunan mühüm nailiyyətlər əldə edilmişdir.
Akademik Cəmil Əliyevin elmi fəaliyyətinin əsas istiqamətlərini süd vəzi xərçəngi, dəri, qırtlaq və digər daxili orqanların bədxassəli şişlərinin epidemiologiyası, müalicə və reabilitasiyası, süd vəzinin bəd və xoşxassəli şişləri olan xəstələrdə B və C virusu hepatitlərinin yayılması problemləri təşkil edir.
Cəmil Əliyev xəstələrə və xəstəliyə fərdi şəkildə, qayğı ilə yanaşmaqla psixoloq qabiliyyətlərindən də hər zaman istifadə etmiş, həmçinin insanların sağlamlığını qorumaq üçün daim yeniliklər axtarması ilə seçilmişdir. Azərbaycanda müasir klinik onkologiyanın banilərindən olan akademikin elmi araşdırmalarının nəticəsi olaraq, süd vəzisi şişləri zamanı operativ müdaxilələrdə müxtəlif modifikasiyalar təklif edilmiş və onlar cərrahlıq praktikasında həyata keçirilmişdir.
Akademik Cəmil Əliyev tibbi texnologiyalar sahəsində dünyada mövcud olan yenilikləri daim izləyir və onların Azərbaycana gətirilməsi istiqamətində imkanlarını əsirgəmir. Məhz onun səyləri nəticəsində bu gün Azərbaycanda qalxanvari vəzin xərçəngi xəstəliyinin çətin və bahalı prosedur olan radioaktiv yodla müalicəsi aparılır, halbuki əvvəllər xəstələrin əksəriyyəti bu məqsədlə xarici ölkələrə getməli olurdu.
Akademik Cəmil Əliyev bir alim kimi elmi tədqiqatlar aparmaqla yanaşı, bu gün süd vəzisi, dəri və dayaq-hərəkət aparatı və digər orqanlarla bağlı mürəkkəb cərrahi əməliyyatları şəxsən yerinə yetirir.
Akademik Cəmil Əliyevin elmi-pedaqoji fəaliyyəti miqyasının genişliyi, daxili sistemliliyi və praktik nəticəyönümlülüyü ilə səciyyələnir. Onun elmi irsinin davamlılığını şərtləndirən əsas amil formalaşdırdığı güclü kadr potensialı və məqsədyönlü şəkildə təşkil etdiyi elmi mühitdir. Bu baxımdan, Cəmil müəllim yetişdirdiyi mütəxəssislər vasitəsilə də Azərbaycan onkologiyasının inkişafına uzunmüddətli və dayanıqlı təsir göstərmişdir.
Akademik Cəmil Əliyev 1970-ci illərin sonlarından etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında fəaliyyətə başlamış, 1994-cü ildən isə kafedra müdiri kimi bu sahədə ardıcıl və sistemli pedaqoji fəaliyyət həyata keçirmişdir. Cəmil müəllimin rəhbərliyi ilə ixtisasartırma və davamlı tibbi təhsil proqramları müasir onkologiyanın tələblərinə uyğun şəkildə yenidən qurulmuş, nəzəri hazırlıqla yanaşı, kliniki praktikaya əsaslanan innovativ tədris modelləri tətbiq edilmişdir.
Kadr hazırlığında fərdi yanaşma Cəmil Əliyevin fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biridir. O, hər bir gənc mütəxəssisin potensialını nəzərə alaraq inkişaf gedişatını müəyyənləşdirmiş, istedadlı kadrların qabaqcıl elmi mərkəzlərdə yetişməsinə xüsusi önəm vermişdir. Hələ rəhbər vəzifələrə yüksəlməzdən əvvəl belə, perspektivli gənclərin Moskva elmi mərkəzlərinə göndərilməsi təşəbbüsü ilə çıxış etmiş, sonrakı mərhələdə bu ənənə ABŞ və Avropa ölkələrinin aparıcı klinikalarında təşkil olunan təcrübə proqramları ilə davam etdirilmişdir. Bu gün mərkəzin aparıcı mütəxəssislərinin əhəmiyyətli hissəsi məhz bu uzaqgörən və sistemli yanaşma nəticəsində hazırlanmışdır.
Akademik Cəmil Əliyevin elmi məktəbi klassik müəllim modelindən fərqli olaraq, “mentor-lider” konsepsiyası əsasında formalaşmışdır. Onun elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 50-dən artıq fəlsəfə, 10 elmlər doktoru hazırlanmışdır ki, bu da Cəmil müəllimin elmi-pedaqoji fəaliyyətinin miqyasını və təsir dairəsini aydın şəkildə nümayiş etdirir.
Akademik Cəmil Əliyevin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən istiqamətlərdən biri də ətrafında sağlam elmi mühit formalaşdırması hesab edilə bilər. Rəhbərlik etdiyi strukturlarda yaradılmış intellektual atmosfer qarşılıqlı hörmət, açıq elmi diskussiya və əməkdaşlıq prinsiplərinə əsaslanır. Belə bir mühitdə yetişən gənc tədqiqatçılar bilik əldə etməklə birgə, analitik düşünmə, tənqidi yanaşma və komanda daxilində səmərəli fəaliyyət bacarıqlarını mənimsəyirlər. Məhz bu keyfiyyətlər akademik Cəmil Əliyevin elmi məktəbinin davamlılığını təmin edən fundamental amillərdən biri kimi çıxış edir.
Akademik Cəmil Əliyev 600-ə qədər elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 10 ixtira və səmərələşdirici təklifin, tələbələr üçün dərs vəsaitlərinin müəllifidir. Alimin monoqrafiyaları bir çox xarici dillərə tərcümə olunmaqla Azərbaycanda və dünyanın müxtəlif ölkələrində təbib alimlərin stolüstü kitabına çevrilmişdir. Cəmil müəllimin “Dərinin bədxassəli şişlərində plastik əməliyyatlar”, “Disseminasiya edilmiş bədxassəli şişlərin müalicəsi”, “Süd vəzisi xərçəngi və qaraciyərin funksional vəziyyəti”, “Onkoloji xəstələrdə qaraciyərin subklinik patologiyası”, “Viruslar, virus infeksiyaları və bədxassəli şişlər”, “B-virusu hepatitlərinin onkoloji aspektləri”, “Klinik onkologiya. Həkimlər üçün əsas rəhbərlik” və s. kimi fundamental əsərlərini onkologiya elminin inkişafında əhəmiyyətli hadisələr hesab etmək olar.
Akademik Cəmil Əliyevin ictimai fəaliyyəti də geniş və çoxşaxəlidir. O, onkoloji xəstəliklərlə mübarizədə maarifləndirmənin rolunu yüksək qiymətləndirərək, əhali arasında sağlam həyat tərzinin təbliği, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik tədbirlərin vacibliyi ilə bağlı təşəbbüslərlə çıxış etmişdir. Alim bir sıra strateji proqramların hazırlanmasında iştirak və onkoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı elmi əsaslandırılmış təkliflərlə çıxış etmişdir. Bu təkliflər səhiyyə sistemində tətbiq olunaraq, müalicə keyfiyyətinin yüksəldilməsinə və xəstələrin tibbi təminatının yaxşılaşdırılmasına xidmət etmişdir.
Akademik Cəmil Əliyev tibb elmində və tibbi kadrların yetişdirilməsində əldə etdiyi mühüm nailiyyətlərə görə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Nyu-York Elmlər Akademiyasının (1995), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (1995), Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), Gürcüstan Elmlər Akademiyasının (2010), Rusiya Təbiət Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının (2010), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (2012) həqiqi üzvüdür. Alim 1995-ci ildə MDB ölkələrinin Onkoloqlar Assosiasiyasının, 1997-ci ildə Avropa Onkoloqları Assosiasiyasının üzvü seçilmişdir. O, həmçinin Xammersmitt Kral Universitetinin, ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professorudur.
2020-ci ildə AMEA Rəyasət Heyətinin üzvü seçilməsi akademik Cəmil Əliyevin Azərbaycanlı alim və elm təşkilatçısı kimi qazandığı yüksək nüfuzun daha bir təsdiqi olmuşdur. Görkəmli alim AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvü kimi dəyərli fikirləri və tövsiyələri ilə hər zaman bölmənin fəaliyyətinə yüksək şəkildə dəstək verir.
Akademik Cəmil Əliyevin elmi dairələrdə böyük nüfuzu onun tibb yönümlü jurnalların fəaliyyətinə geniş şəkildə cəlb edilməsinə səbəb olmuşdur. O, 1995-ci ildən “Azərbaycan onkologiya jurnalı”nın baş redaktorudur. Alim həmçinin “Azərbaycan Tibb jurnalı”nın (1988), “Sağlamlıq” (1995), “Биомедицина” (2003), “Journal of Oncological Sciences” (Türkiyə Tibbi Onkologiya Cəmiyyətinin rəsmi orqanı), “Cərrahiyyə”, “Хирургия. Восточная Европа” jurnallarının redaksiya heyətlərinin üzvüdür.
Akademik Cəmil Əliyevin tibb elmi, ölkə səhiyyəsi və bəşəriyyət qarşısında xidmətləri daim yüksək qiymətləndirilmiş və o, bir sıra beynəlxalq təşkilatların, Azərbaycan dövlətinin və xarici ölkələrin orden və medalları, digər mükafatları ilə təltif edilmiş, fəxri adlarına layiq görülmüşdür. Görkəmli alim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə elm və səhiyyə sahəsində xidmətlərinə görə “Şöhrət” (2006), “Şərəf” (2016), 1-ci dərəcəli "Vətənə xidmətə görə" (2021), “İstiqlal” (2026) ordenləri ilə təltif edilmişdir.
Akademik Cəmil Əliyev öz elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi (2000) və Dağıstan Respublikasının Əməkdar elm xadimi (2011) fəxri adlarına layiq görülmüş, “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” (2024), AMEA-nın “Aziz Sancar” döş nişanı (2025) ilə təltif edilmişdir.
Akademik Cəmil Əliyev SSRİ Tibb Elmləri Akademiyasının Akademik N.Petrov adına (1980, “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” monoqrafiyasına görə), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Mustafa Topçubaşov adına (2003) və AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına (2015, Qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə) mükafatları, Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən “N.Piroqov” ordeni (2015), Avropanın fəxri alimi adı və “V.Leybnits” medalı (2015), “Türk dünyasına xidmət” Böyük Qızıl medalı (2015), “Pavlov adına Qızıl döş nişanı” (2016), “Akademik N.N.Trapeznikov” medalı (2020), Dağıstan Respublikasının “Doğma torpağa məhəbbət” medalı (2016), bir sıra dövlət və ictimai təşkilatların fəxri fərmanları, medalları, nişanları və digər mükafatları ilə təltif edilmişdir. Təqdirəlayiq haldır ki, tanınmış alim-təbib “Avropa ali xidmət ordeni”nə (2016), BMT-nin Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə Elm və Sülh elçisi fəxri adına (2018) layiq görülmüşdür.
Bütün rəsmi mükafatlardan daha yüksək qiymət isə akademik Cəmil Əliyevin şəxsiyyətinə və fəaliyyətinə xalqın bəslədiyi səmimi sevgi və dərin hörmətdir. Onun həkimlik fəaliyyətinin əsasını yüksək etik yanaşmalar təşkil edir: Cəmil Əliyev üçün hər bir xəstə fərdi diqqət və məsuliyyət deməkdir. O, müasir tibbin texnoloji imkanlarını humanist dəyərlərlə üzvi şəkildə birləşdirərək, həkim-xəstə münasibətlərində etimad və inam mühitinin formalaşmasına nail olmuşdur.
Akademik Cəmil Əliyevin həyat və fəaliyyət fəlsəfəsində milli-mənəvi dəyərlərə sadiqlik mühüm yer tutur. Bu xüsusiyyət onun həm şəxsi davranışında, həm də elmi məktəbinin formalaşdırılmasında aydın şəkildə təzahür edir. Bununla yanaşı, təvazökarlıq və sadəlik alimin xarakterinin ayrılmaz cəhətləri olaraq, yüksək elmi və təşkilati nailiyyətlərinə baxmayaraq, fəaliyyətini pafosdan uzaq, konkret nəticələrə yönəltməsinə imkan vermişdir.
Akademik Cəmil Əliyevin ömür yolu bir daha təsdiqləyir ki, böyük elm təkcə laboratoriyalarda, kliniki mühitdə deyil, insanlara xidmət edən düşüncədə, məsuliyyətdə və mənəvi mövqedə formalaşır. Böyük təbib-alimin 80 illik ömür yolunda elmlə yanaşı insanlıq, peşəkarlıqla yanaşı sadəlik, nailiyyətlərlə yanaşı təvazökarlıq dayanır. Cəmil Əliyevin simasında elm, vətəndaşlıq mövqeyi və milli dəyərlər ahəngdar bir bütövlükdə qovuşur. Onun yaratdığı elmi irs, açdığı yol və qoyduğu örnəklər Azərbaycan elminin və səhiyyəsinin inkişafına hələ uzun illər xidmət edəcək və istiqamət verəcəkdir. Bu mənada akademik Cəmil Əliyevin ömür yolu və elmi fəaliyyəti artıq tərcümeyi-hal çərçivəsini aşaraq, milli yaddaşın bir hissəsinə çevrilmişdir.
Bu şərəfli yubiley, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilməsi münasibətilə görkəmli alimimizi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, Cəmil müəllim uzun illər Azərbaycan tibb elminin inkişafına öz müstəsna töhfələrini verməkdə davam edəcəkdir.
İradə HÜSEYNOVA, akademik
AMEA-nın vitse-prezidenti,
AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e.