sa sa 124
Davamlı inkişaf və siyasi varislik: Heydər Əliyev irsi kontekstində + Foto May 08, 2026 | 20:39 / Konfranslar, iclaslar

Mayın 8-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “Davamlı inkişaf və siyasi varislik: Heydər Əliyev irsi kontekstində” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssisləri, eləcə də gənc tədqiqatçılar və qonaqlar iştirak ediblər.

Konfransdan öncə iştirakçılar institutun ərazisində yerləşən, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə salınmış “Nadir ağaclar kolleksiyası” ilə tanış olublar.

Daha sonra tədbir institutun akt zalında davam etdirilib.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransı açan institutun direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, Heydər Əliyevin zəngin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin ideoloji və strateji əsasını təşkil edir. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafına göstərilən xüsusi diqqət Azərbaycanın gələcək inkişafının möhkəm təməlini yaradıb. O, Heydər Əliyevin gənclərin yüksəksəviyyəli təhsil almasına göstərdiyi qayğını, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına verdiyi önəmi, eləcə də ekologiya və ətraf mühitin mühafizəsinə dövlət siyasətinin mühüm istiqaməti kimi yanaşmasını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı dirçəliş prosesi, ölkənin regional güc mərkəzinə çevrilməsi ilə özünün ən parlaq nəticələrini göstərir.

Akademik çıxışında, həmçinin Heydər Əliyevin elm və təhsil strategiyasının uzaqgörən mahiyyətinə diqqət çəkib, 1970-1980-ci illərdə gənclərin nüfuzlu ali məktəblərə göndərilməsi ilə milli kadr potensialının gücləndirildiyini bildirib. O, biologiya və aqrar elmlər sahəsində elmi məktəblərin formalaşmasında Ulu Öndərin himayəsinin mühüm rol oynadığını qeyd edərək akademik Cəlal Əliyevin xidmətlərini də xüsusi vurğulayıb. İradə Hüseynova, eyni zamanda, Heydər Əliyevin ekoloji siyasətinin miqyasından danışaraq, təbiətin, meşələrin, su ehtiyatlarının və biomüxtəlifliyin qorunmasının dövlətçilik düşüncəsinin tərkib hissəsi olduğunu bildirib.

Konfrans çərçivəsində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin müxtəlif istiqamətlərini əhatə edən məruzələr dinlənilib. Çıxışlarda siyasi idarəetmə, ekoloji təhlükəsizlik, şəhərsalma, gender siyasəti, elm və təhsil, eləcə də gənclər siyasəti kimi aktual məsələlər elmi-praktik aspektdən təhlil olunub.

AMEA-nın müxbir üzvü Novruz Quliyev “Müstəqil dövlətçilik və Heydər Əliyev məktəbi: strateji idarəetmə və siyasi varislik modeli” mövzusunda çıxış edərək Ulu Öndərin formalaşdırdığı dövlət idarəçiliyi modelinin Azərbaycanın müstəqilliyinin qorunmasında və siyasi sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. AMEA-nın müxbir üzvü Pənah Muradovisə “Ümummilli Lider Heydər Əliyev və ekoloji baxış: təbiətin qorunması və davamlı inkişaf konsepsiyası” adlı məruzəsində Ulu Öndərin ekoloji siyasətinin əsas istiqamətlərindən danışıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov “Şəhərsalma və urban inkişaf strategiyaları: Heydər Əliyev irsinin müasir urbanistik kontekstdə təhlili” mövzusunda çıxışında Ulu Öndərin şəhərsalma siyasətinin müasir urban inkişaf konsepsiyaları ilə səsləşdiyini diqqətə çatdırıb.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova “Heydər Əliyev və qadın siyasəti: gender bərabərliyi və sosial inkişafın strateji əsasları” mövzusunda çıxış edərək Azərbaycanda qadınların ictimai-siyasi və elmi həyatda fəal iştirakının təmin edilməsində Ulu Öndərin xidmətlərini xüsusi vurğulayıb. Biologiya üzrə fəlsəfə doktoru, dosent Ruhiyyə Quliyeva “Heydər Əliyevin təhsil və elm siyasəti: milli elmi potensialın formalaşması” adlı məruzəsində Ümummilli Liderin elm və təhsilə göstərdiyi diqqətin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını qeyd edib. Biologiya üzrə fəlsəfə doktoru Aqil Əhmədli “Heydər Əliyev və gənclər siyasəti: gənclik milli inkişafın sosial kapitalı kimi” mövzusunda çıxış edərək Ulu Öndərin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Sonra biologiya elmləri doktoru Kərim Qasımov çıxış edərək Ulu Öndərin Azərbaycanı zəif iqtisadiyyata malik yarımaqrar ölkə səviyyəsindən inkişaf etmiş sənaye dövlətinə çevirdiyinə diqqət çəkib.