Molekulyar Biologiya İnstitutunda Aygün Sadiqovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto
May 15, 2026 | 14:39 / Mühüm hadisələr
Mayın 15-də AR ETN Molekulyar Biologiya İnstitutunda Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Aygün Ağaverdi qızı Sadiqovanın 2422.01–“Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şirvanşahı aborigen üzüm sortunun biotexnoloji çoxaldılma metodunun işlənib hazırlanması” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbərləri biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözov və biologiya üzrə fəlsəfə doktoru, dosent Mahirə Məmmədovadır. İşə rəsmi rəylər Özbəkistan Respublikası Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutunun Bitki hüceyrə texnologiyası laboratoriyasının aparıcı elmi işçisi biologiya elmləri doktoru Hulkar Xalbekova və AR ETN Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hacıyeva tərəfindən təqdim olunub.
İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva iddiaçının anket məlumatları ilə iştirakçıları tanış etdikdən sonra söz Aygün Sadiqovaya verilib.
İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim edərək tədqiqatın aktuallığı, məqsədi və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, tədqiqat nəticələri Azərbaycanın aborigen texniki üzüm sortlarından biri olan Şirvanşahının in vitro kulturasında morfogenez, mikroklonal çoxalma, köklənmə və ex vitro adaptasiya proseslərinin kompleks şəkildə öyrənilməsinə imkan yaradıb. Aparılmış tədqiqatlar əsasında virusdan azad və genetik cəhətdən sabit klonların əldə edilməsini təmin edən, yüksək effektivliyi ilə seçilən metodoloji yanaşma hazırlanıb. Bu yanaşma seleksiya proqramlarının həyata keçirilməsi və nadir üzüm sortlarının kütləvi bərpası üçün etibarlı ilkin materialın əldə olunmasına şərait yaradır.
Dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparılıb. İddiaçı səsləndirilən sualları cavablandırıb, irad və təkliflərə münasibət bildirib. Müzakirələrin yekununda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə təqdim olunması barədə qərar qəbul edilib.