sa sa 26
Akademik İsa Həbibbəyli “ICSEGT 2026” beynəlxalq konfransında iştirak edib + Foto İyn 08, 2026 | 20:00 / Konfranslar, iclaslar

İyunun 2-də Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “3rd International Conference on Smart Environment and Green Technologies – ICSEGT 2026” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Dünyanın 30-dan çox ölkəsindən alim, tədqiqatçı və akademik mütəxəssisləri bir araya gətirən konfrans yaşıl texnologiyalar, süni intellekt, bərpa olunan enerji, ağıllı ətraf mühit və davamlı inkişaf istiqamətlərində aktual elmi müzakirələr üçün mühüm platforma rolunu oynayır.

Açılış mərasimində çıxış edən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, konfransın Azərbaycanın qlobal elmi məkanda mövqeyinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Milli Məclis sədrinin müavinləri - akademik Rafael Hüseynov və AMEA-nın müxbir üzvü Musa Qasımlı, Odlar Yurdu Universitetinin prorektoru Fəxrəddin Məmmədov və digər rəsmi şəxslər konfransın müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirərək elmi bilik mübadiləsi və yeni əməkdaşlıqlar üçün geniş imkanlar yaratdığını, yaşıl texnologiyalar və ağıllı ətraf mühitin gələcəyin inkişaf modelinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Hibrid formatda təşkil olunan tədbirdə, o cümlədən ağıllı ətraf mühit və ekosistemlər, bərpa olunan enerji, yaşıl texnologiyalar, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti (IoT), kiber-fiziki sistemlər, davamlı inkişaf, ekoloji kimya, biotexnologiya, dəqiq kənd təsərrüfatı, davamlı memarlıq və digər aktual elmi istiqamətlər üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, ICSEGT 2026 beynəlxalq elmi konfransı qlobal ekoloji çağırışlar, yaşıl texnologiyalar və dayanıqlı inkişaf sahəsində yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.