AR ETN "Molekulyar Biologiya İnstitutu" PHŞ-nin əməkdaşları Qobustanda elmi ezamiyyətdə olublar + Foto
İyn 14, 2026 | 19:00 / Ezamiyyətlər
AR ETN "Molekulyar Biologiya İnstitutu" PHŞ-nin bir qrup əməkdaşı akademik İradə Hüseynovanın rəhbərliyi altında AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.
Ezamiyyət çərçivəsində buğda genotiplərinin quraqlıq stresinə davamlılığının öyrənilməsi məqsədilə ümumi monitorinq və tədqiqatlar aparılıb. Bitkilərin fizioloji vəziyyəti rəqəmsal fenotipləmə cihazı vasitəsilə qeyri-invaziv üsulla 25 parametr üzrə qiymətləndirilib, həmçinin xlorofilmetr ilə fotosintetik piqmentlərin miqdarı müəyyən edilib.
Molekulyar-biokimyəvi analizlər üçün toplanmış bitki nümunələri maye azotda dondurularaq instituta gətirilib.
Müşahidələr zamanı müəyyən olunub ki, cari ildə yağıntılı hava şəraiti ilə əlaqədar sarı pas xəstəliyi geniş yayılıb və bəzi sahələrdə epifitotiya səviyyəsinə çatıb. Bununla yanaşı, bu şərait sarı pasa davamlı genotiplərin seçilməsi üçün əlverişli imkan yaradıb.
Tədqiqatlar zamanı Yubiley-100 və Çıraq-95 genotiplərinin, eləcə də Almaniya mənşəli genotiplər və onların hibridlərinin sarı pasa yüksək davamlılıq nümayiş etdirdiyi müşahidə olunub.