Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda seminar keçirilib + Foto
İyn 17, 2026 | 22:00 / Seminarlar
İyunun 17-də Almaniyanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz AR ETN Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda çıxış edib. Seminar zamanı alim qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində fenotip–genotip əlaqələrinin mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, bu istiqamət müasir kənd təsərrüfatı və bitki seleksiyasının əsas elmi sahələrindən biri olmaqla, genetik məlumatın bitkilərin müşahidə olunan əlamətlərində necə təzahür etdiyini öyrənir. Professor Ali Naz bildirib ki, fenotip–genotip əlaqələrinin tədqiqi qida dəyəri və məhsuldarlığı yüksək olan, iqlim dəyişikliklərinə, xəstəlik və zərərvericilərə davamlı bitki sortlarının yaradılmasına imkan verir. Bu baxımdan, sözügedən sahə dünya əhalisinin artan ərzaq tələbatının ödənilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və qlobal ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır. Seminar çərçivəsində fenotipik və genotipik məlumatların inteqrasiyası, müasir seleksiya metodları və kənd təsərrüfatında genomik yanaşmaların tətbiqi ilə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda professor seminar iştirakçılarının suallarını cavablandırıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.