sa sa 136
Molekulyar biologiya ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto İyn 25, 2026 | 12:00 / Mühüm hadisələr

İyunun 23-də Genetik Ehtiyatlar İnstitutunda Molekulyar Biologiya İnstitutunun elmi işçisi Mətanət Ceyhun qızı Baxışovanın 2415.01 – “Molekulyar biologiya” ixtisası üzrə “Anti-xərçəng Glu-Gln-Arg-Pro-Arg pentapeptidinin strukturu və onun ağciyər karsinoma hüceyrələrinə mümkün təsir mexanizmləri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri AMEA-nın müxbir üzvü Oktay Qasımovdur. İşə rəsmi rəy tibb üzrə elmlər doktoru, dosent Suzan Vətənxa və biologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Yusifov tərəfindən verilib.  Biologiya üzrə elmlər doktoru Afət Məmmədova iclasa sədrlik edib. Iclas iştirakçıları iddiaçının anket məlumatları ilə tanış olduqdan sonra söz Mətanət Baxışovaya verilib. İddiaçı dissertasiya işinin aktuallığı, əsas müddəaları, məqsədi və alınan nəticələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, tədqiqat işində düyü kəpəyindən əldə olunan perspektivli anti-xərçəng pentapeptidinin və onun müxtəlif izomerlərinin quruluşu və bioloji xüsusiyyətləri araşdırılıb. Müəyyən edilib ki, peptidin müxtəlif formaları xərçəng və COVID-19 ilə əlaqəli hədəf zülallara fərqli şəkildə təsir göstərərək onların fəaliyyətini modulyasiya edə bilir. Əldə olunan nəticələr yeni dərmanların hazırlanması və daşınma sistemlərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.

 Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. İddiaçı verilən sualları cavablandırıb, irad və təkliflərə öz fikrini bildirib. Tədqiqat işi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və dissertasiya işinin müdafiənin növbəti mərhələsinə buraxılması tövsiyyə edilib.