Dünya şöhrətli Azərbaycan genetiki
İyn 30, 2026 | 11:00 / Nəşrlər
Akademik Cəlal Əliyevin fundamental elmə və qlobal ərzaq təhlükəsizliyinə töhfələri
Böyük alim və ictimai-siyasi xadim, milli biologiya elminin görkəmli simalarından biri olan akademik Cəlal Əlirza oğlu Əliyev 30 iyun 1928-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Alimin həyat yolu, fundamental tədqiqatları, yaratdığı buğda sortları və elmi məktəbi Azərbaycanın intellektual inkişafına, milli elmi potensialın formalaşmasına, eləcə də dünya biologiya elminə əhəmiyyətli töhfələr vermişdir.
Biologiya elminin müasir inkişaf mərhələsinə və qlobal çağırışlarına Cəlal Əliyevin elmi irsi prizmasından nəzər saldıqda fundamental elmi düşüncənin zaman və məkan sərhədlərini aşan gücü aydın görünür. Biologiya elminin əsas istiqamətləri, yeni texnoloji imkanları və qarşıdakı perspektivləri fonunda akademik Cəlal Əliyev zirvəsindən baxış XXI əsrin mühüm problemlərindən biri olan ərzaq təhlükəsizliyinin elmi əsaslarının qiymətləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
XXI əsrdə biologiya elmi fundamental dəyişikliklər mərhələsinə qədəm qoymuşdur. Canlı sistemlərin öyrənilməsi zamanı genomiks, transkriptomiks, proteomiks, metabolomiks, böyük verilənlərin analizi və süni intellekt texnologiyaları biologiyanın tədqiqat metodologiyasını yeni səviyyəyə yüksəltmişdir. Genomiks və digər çoxsəviyyəli bioloji məlumatların süni intellekt vasitəsilə təhlili dayanıqlı kənd təsərrüfatının inkişafında və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm elmi alətə çevrilmişdir.
Bu yanaşmalar yeni sortların yaradılmasını sürətləndirir, bioloji ehtiyatlardan səmərəli istifadəyə və dəyişən ekoloji şəraitə uyğun bitki formalarının seçilməsinə və yaradılmasına imkan yaradır. Məhz bu baxımdan, bütün şüurlu ömrünü elmə həsr etmiş, yüksək elmi prinsipiallıq, fundamental biliklərə sədaqət və yaradıcı axtarış nümunəsi göstərmiş akademik Cəlal Əliyevin irsi müasir biologiyanın inkişaf istiqamətləri ilə dərin uyğunluq təşkil edir.
Akademik Cəlal Əliyevin irsi Azərbaycanda fiziki-kimyəvi biologiya sahəsinin inkişafı, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, bioinformatika və rəqəmsal biologiya kimi müasir istiqamətlərin formalaşması ilə sıx bağlıdır. Onun fotosintezin molekulyar əsasları və bitki məhsuldarlığının bioloji mexanizmləri üzrə fundamental tədqiqatları, yaratdığı elmi məktəb dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Alim hələ illər öncə biologiya və aqrar elmlərdə riyazi modelləşdirmə, kompüter yanaşmaları və rəqəmsal texnologiyaların tətbiqinin vacibliyini vurğulamış, elmin gələcək inkişaf xəttini qabaqcadan müəyyənləşdirmişdir. Bu gün Azərbaycanda rəqəmsallaşma və süni intellektin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və 2026-cı il yanvar ayının 6-da mətbuata verdiyi müsahibədə bu sahələrin əhəmiyyətini xüsusi qeyd etməsi həmin strateji baxışların müasir mərhələdə davam etdiyini göstərir.
Ölkəmizdə “yaşıl inqilab” yanaşmalarının elmi əsaslarının formalaşmasına və tətbiqinə akademik Cəlal Əliyev mühüm töhfələr vermişdir. Onun formalaşdırdığı elmi mühit Azərbaycanda innovativ düşüncə tərzinin və elmə əsaslanan inkişaf yanaşmasının möhkəmlənməsinə mühüm təsir göstərmişdir.
Həyat və elmi fəaliyyətinin mühüm mərhələləri ilə sıx bağlı olan AMEA-nın elmi potensialının gücləndirilməsində, prioritet tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsində və milli elmi məktəblərin inkişafında alimin rolu daim qədirbilənliklə yad edilir. 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyət göstərən akademik Cəlal Əliyev elmi prioritetlərin müəyyənləşdirilməsi, fundamental tədqiqatların inkişafı və onların praktik nəticələrə yönəldilməsi istiqamətində mühüm addımlar atmışdır. Onun rəhbərliyi dövründə bölmə və onun institutlarının beynəlxalq əlaqələri genişlənmiş, xarici elmi mərkəzlərlə əməkdaşlıq yeni səviyyəyə yüksəlmiş və gənc tədqiqatçıların qlobal elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaranmışdır.
Dünya şöhrətli bioloqun elmi fəaliyyəti, ictimai və vətəndaşlıq mövqeyi müstəqil Azərbaycan dövlətinin ideya və intellektual əsaslarının möhkəmlənməsinə də mühüm töhfələr vermişdir. Cəlal müəllim elm və dövlətçilik düşüncəsini birləşdirən, milli inkişaf strategiyasının elmi əsaslarının formalaşmasına xidmət edən görkəmli şəxsiyyətlərdən biri olmuşdur. Dövlət müstəqilliyinin möhkəmləndiyi mühüm tarixi mərhələlərdə akademik Cəlal Əliyev daim ümummilli lider Heydər Əliyevin yanında olmuş, prinsipial mövqeyi və ictimai fəaliyyəti ilə seçilmiş, milli maraqların və dövlətçilik dəyərlərinin qorunması üçün əlindən gələni etmişdir.
Alimin elmi fəaliyyətinin ən mühüm nəticələrindən biri fundamental biologiya biliklərinin aqrar elm və kənd təsərrüfatı ilə əlaqələndirilməsi olmuşdur. Fotosintez prosesinin, bitki fiziologiyasının və məhsuldarlığın bioloji əsaslarının öyrənilməsi istiqamətində apardığı tədqiqatlar yüksək məhsuldar və davamlı buğda sortlarının yaradılmasına elmi zəmin yaratmışdır.
Akademik fotosintez və fototənəffüs kimi mürəkkəb bioloji proseslərin mahiyyətinə fundamental yanaşma ilə nüfuz etmiş, əldə etdiyi nəticələrlə dünya biologiyasının inkişafına mühüm töhfələr vermişdir. Onun ən möhtəşəm elmi nailiyyətlərindən biri fototənəffüs prosesinə yeni baxışın formalaşdırılması olmuşdur. Çoxillik fundamental və tətbiqi tədqiqatlar nəticəsində Cəlal Əliyev fototənəffüsün bitki üçün “itki” yaradan mexanizm deyil, həyat fəaliyyətinin və metabolik tarazlığın təmin olunmasında mühüm rol oynayan zəruri proses olduğunu elmi əsaslarla göstərmişdir. Bu yanaşma məhsuldarlığın yalnız fotosintezin intensivliyi ilə deyil, həm də bitkidə gedən mürəkkəb fizioloji proseslərin qarşılıqlı əlaqəsi ilə müəyyənləşdiyini ortaya qoymuşdur.
Seleksiyaçı akademikin irəli sürdüyü “yaxşı fotosintez” konsepsiyası bitkilərin məhsuldarlıq potensialının artırılmasına yönəlmiş yeni elmi yanaşmaların əsasını təşkil etmişdir. Onun multidissiplinar tədqiqat strategiyası molekulyar, fizioloji və aqroekoloji səviyyələri vahid sistemdə birləşdirərək bitkilərin məhsuldarlığının idarə olunmasına yeni baxış formalaşdırmışdır.
Cəlal müəllimin elmi irsi göstərir ki, fotosintez daim inkişaf edən, yeni metodoloji yanaşmalar tələb edən mürəkkəb bioloji sistemdir. Onun tədqiqatları bu sahənin “tam öyrənilmiş” istiqamət kimi qəbul edilməsinin elmi baxımdan doğru olmadığını sübut etmiş, müasir biologiyanın gələcək inkişafı üçün yüksək dəyərli konseptual baza yaratmışdır.
Akademik Cəlal Əliyevin elmi fəaliyyətində nəzəri biliklərin praktik nəticələrə çevrilməsi xüsusi yer tuturdu. O, biologiyanın fundamental qanunauyğunluqlarını kənd təsərrüfatının real ehtiyacları ilə əlaqələndirərək, yüksək məhsuldarlığa, keyfiyyətə və ekoloji dayanıqlılığa malik bitki sortlarının yaradılmasını gələcəyə hesablanmış elmi strategiyanın əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu elmi dünyagörüşünün mühüm mərhələlərindən biri 1971-ci ildə müdafiə etdiyi “Bitkilərin fotosintez fəaliyyəti, mineral qidalanması və məhsuldarlığı” mövzusunda doktorluq dissertasiyası olmuşdur.
Genetik müxtəlifliyin qorunması və məqsədyönlü istifadəsi alimin seleksiya sahəsində əsas elmi prinsiplərindən biri idi. O, yüksək məhsuldarlıqlı sortların yaradılmasının zəngin və müxtəlif genetik material bazasının mövcudluğundan asılı olduğunu elmi baxımdan əsaslandırmışdır. Məhz bu yanaşmanın nəticəsi olaraq, Azərbaycanda müxtəlif coğrafi mənşəyə, bioloji xüsusiyyətlərə və təsərrüfat əhəmiyyətinə malik minlərlə buğda nümunəsini əhatə edən zəngin genetik ehtiyat bazası formalaşdırılmışdır. Milli genefondun formalaşdırılması strategiyasının praktiki ifadəsi kimi Qobustan Bölgə Təcrübə Stansiyasında yaradılmış canlı tarla buğda kolleksiyası xüsusi elmi əhəmiyyət daşıyır.
Alimin elmi strategiyasının mühüm xüsusiyyətlərindən biri Azərbaycan aqrar elminin beynəlxalq elmi məkanla inteqrasiyasına verdiyi töhfələr olmuşdur. Onun təşəbbüsü ilə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərət Qrupuna (CGIAR) daxil olan aparıcı elmi mərkəzlərlə qurulan əməkdaşlıq genetik ehtiyatların öyrənilməsi, seleksiya imkanlarının genişləndirilməsi və müasir tədqiqat metodlarının tətbiqi üçün yeni perspektivlər yaratmışdır. Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz (CİMMYT) və s. bu kimi təşkilatlarda Cəlal müəllimə müdrik elm ağsaqqalı kimi hörmət edir, onunla hesablaşırdılar.
Təşəbbüskar alim fundamental araşdırmaları ilə yanaşı, elmin təşkili və idarə olunması sahəsində də böyük xidmətləri olan görkəmli alim idi. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilməsi onun elmi nüfuzunun göstəricisi olmaqla yanaşı, biologiya elminin inkişafında daha geniş və məsuliyyətli mərhələnin başlanğıcı olmuşdur.
Cəlal Əliyevin elm təşkilatçısı kimi ən böyük xidmətlərindən biri müasir biologiyanın strateji istiqamətlərini özündə birləşdirən elmi institutlaşma modelinin formalaşdırılması olmuşdur. Bu xətt ölkədə molekulyar biologiya, biotexnologiya və əlaqəli sahələrin inkişafı üçün möhkəm elmi baza yaratmışdır. Bu proses hələ 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda yaradılmış kiçik elmi qrupla başlamış, zaman keçdikcə laboratoriyalara, daha sonra isə məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları istiqamətində fəaliyyət göstərən böyük elmi struktura – şöbəyə çevrilmişdir.
2014-cü ildə AMEA-nın qərarı ilə həmin elmi bazada Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması akademik Cəlal Əliyevin elmi strategiyasının məntiqi nəticəsi idi. 2016-cı ildən müstəqil fəaliyyət göstərən institut sonrakı illərdə müasir istiqamətlərdə beynəlxalq səviyyəli tədqiqat platformasına çevrilmişdir.
2025-ci ildə elmi fəaliyyətin daha səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun bazasında “Molekulyar Biologiya İnstitutu” publik hüquqi şəxsin yaradılması bu elmi irsin yeni mərhələdə davamını təmin etmişdir. Yeni struktur müasir idarəetmə prinsipləri, multidissiplinar tədqiqat yanaşmaları və beynəlxalq əməkdaşlıq imkanları əsasında fəaliyyətini quraraq akademik Cəlal Əliyevin formalaşdırdığı elmi ənənələri müasir çağırışlarla uzlaşdırmaqdadır.
Alimin formalaşdırdığı elmi məktəbin müasir mərhələdə əsas inkişaf istiqamətlərindən biri Molekulyar Biologiya İnstitutunun beynəlxalq elmi əlaqələrinin genişlənməsi ilə bağlıdır. İnstitutun beynəlxalq əməkdaşlıq coğrafiyası Avropa, Amerika və Asiyanın nüfuzlu elmi qurumlarını əhatə edir. Kembric, Oksford, Delaver, Pusan Milli universitetləri, Fransanın elmi-tədqiqat mərkəzləri, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Belarus və digər ölkələrin aparıcı elmi müəssisələri ilə əlaqələr elmi mübadilə, birgə layihələr və yeni tədqiqat istiqamətlərinin inkişafına xidmət edir. Bu əməkdaşlıqlar sırasında Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti və Maks Plank Təkamül Antropologiyası İnstitutu ilə imzalanmış anlaşma memorandumları xüsusi əhəmiyyət daşıyır.
İnstitutun beynəlxalq elmi məkanda iştirakının mühüm göstəricilərindən biri də “Transactions of the Institute of Molecular Biology and Biotechnologies” (TIMBB) jurnalının fəaliyyətidir. Resenziyalı, açıq çıxışlı bu nəşr əlaqəli istiqamətlər üzrə müasir tədqiqatların təqdim edildiyi beynəlxalq elmi platformaya çevrilmişdir. Jurnalın redaksiya heyətində müxtəlif ölkələri təmsil edən tanınmış alimlərin, o cümlədən Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü professor Əziz Səncərın iştirakı onun elmi nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Sevindirici haldır ki, son illərdə böyük inkişaf yolu keçmiş jurnalın SCOPUS beynəlxalq indeksləmə bazasına daxil edilməsi reallaşmaq üzrədir.
İnstitutun elmi əlaqələri yalnız əməkdaşlıq müqavilələri ilə məhdudlaşmır, həm də qlobal elmi dialoqun inkişafına yönəlmiş tədbirlər vasitəsilə genişlənir. Türkiyənin Dokuz Eylül Universiteti, Özbəkistanın elmi qurumları və s. ilə birgə keçirilən beynəlxalq seminar, görüş və müzakirələr yeni ideyaların mübadiləsinə, gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına imkan yaradır.
Azərbaycanda kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və ərzaq təminatının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 25 may 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahənin qarşısında duran vəzifələri müəyyənləşdirərkən məhsuldarlığın yüksəldilməsi, resurslardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, daxili istehsal imkanlarının genişləndirilərək ixracdan asılılığı aradan qaldırmaq kimi məsələləri xüsusi vurğulaması bu istiqamətin strateji əhəmiyyətini bir daha göstərir. Bu baxımdan da akademik Cəlal Əliyevin fundamental tədqiqatları ilə formalaşdırdığı “elm – texnologiya – praktiki nəticə” yanaşması müasir aqrar siyasətin elmi əsasları ilə səsləşir və bu gün də böyük alim və müəllimin yaratdığı elmi məktəbin inkişaf istiqamətlərini müəyyənləşdirir.
Elmdə bu baxışın müasir təzahürlərindən biri 12 iyun 2025-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Almaniya Federativ Respublikasının Osnabrük Tətbiqi Elmlər Universitetinin Bitkilərin Seleksiyası Departamenti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans olmuşdur. Tədbirin davamı olaraq 13 iyun tarixində AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən tarla seminarında əldə edilmiş elmi nəticələrin praktik tətbiq imkanları nümayiş etdirilmişdir.
Akademik Cəlal Əliyevin elmi ideyalarının alternativ enerji, genomiks və rəqəmsal texnologiyalar əsasında yeni istiqamətlərdə inkişaf etdirilməsi 2025-ci il 15-17 oktyabrda Bakıda keçirilən “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfransda da öz əksini tapmışdır. Konfrans çərçivəsində keçirilən növbəti “Cəlal Əliyev qiraətləri” xüsusi elmi və mənəvi əhəmiyyət daşıyan tədbirlərdən biri olmuşdur. Artıq ənənəyə çevrilmiş bu elmi platforma akademikin irsinin beynəlxalq elmi mühitdə yaşadılmasına, onun fundamental ideyalarının yeni tədqiqat istiqamətləri ilə əlaqələndirilməsinə xidmət edir. Qiraətlər çərçivəsində Koreya Respublikasının Soqanq Universitetinin Bitki Gen Tənzimlənməsi laboratoriyasının müdiri professor Byeong-ha Lee “Bitkilərdə abiotik streslərə davamlılığın artırılması strategiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı sistemlərinin dayanıqlılığının artırılması və yeni seleksiya texnologiyalarının tətbiqi istiqamətində aparılan elmi fəaliyyətlər bu gün də ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan 16 iyun 2026-cı ildə AR ETN Molekulyar Biologiya İnstitutu və AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilmiş “Quraq ərazilərdə buğdanın seleksiyası üçün süni intellekt və yüksək fenotipləmə platformaları” mövzusunda beynəlxalq tarla seminarı xüsusi əhəmiyyət daşıyır.
Xarici alimlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir müasir rəqəmsal texnologiyaların, süni intellekt alətlərinin və yüksək dəqiqlikli fenotipləmə metodlarının aqrar tədqiqatlara inteqrasiyasını nümayiş etdirən mühüm elmi platformaya çevrilmişdir. Seminarın davamı olaraq, 17 iyun tarixində Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Nazın Molekulyar Biologiya İnstitutunda “Qlobal ərzaq təhlükəsizliyində fenotip-genotip əlaqəsi” mövzusunda təqdim etdiyi məruzə müasir biologiya və seleksiya elminin əsas istiqamətlərinə həsr olunmuş mühüm elmi müzakirələrdən biri olmuşdur.
Elm fədaisi Cəlal Əliyev üçün elm və təhsil vahid inkişaf sisteminin ayrılmaz hissələri idi. Onun rəhbərliyi ilə formalaşan elmi məktəbdə müxtəlif sahələrdən olan istedadlı gənclər – bioloqlar, kimyaçılar, fiziklər, riyaziyyatçılar və aqrar sahə üzrə mütəxəssislər biologiya elminin müasir istiqamətləri üzrə yetişdirilmiş, fundamental tədqiqatlarla kadr hazırlığı üzvi şəkildə əlaqələndirilmişdir. Akademik, təxminən, 300 yüksəkixtisaslı mütəxəssis, o cümlədən elmi rəhbər və məsləhətçi kimi 15 elmlər və 81 fəlsəfə doktoru hazırlamışdır. Onun davamçıları bu gün Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və digər ölkələrin aparıcı universitet və elmi mərkəzlərində fəaliyyət göstərərək Azərbaycan elmini beynəlxalq səviyyədə təmsil edirlər.
Unudulmaz alimin elmi fəaliyyətinin əsasını təşkil edən ideyalar, nəzəri yanaşmalar və fundamental tədqiqatlar tək milli biologiya elminin deyil, dünya biologiyasının inkişafına da mühüm töhfələr vermişdir. Onun zəngin elmi irsi 800-ə yaxın elmi əsərdə, o cümlədən 25 fundamental monoqrafiya və kitabda öz əksini tapmışdır.
Böyük alimin dünya elmi məkanındakı nüfuzunun mühüm göstəricilərindən biri Beynəlxalq Fotosintez Cəmiyyətinin (ISPR) onun şərəfinə “The Jalal Aliyev Lecture Award” mükafatı və medalını təsis etməsidir. Bu qərar akademik Cəlal Əliyevin fotosintez elminə verdiyi fundamental töhfələrin beynəlxalq səviyyədə tanındığını və Azərbaycan elmi məktəbinin qlobal məkanda tutduğu mövqeyi nümayiş etdirir. Fotosintez tədqiqatları sahəsində aparıcı alimlərə artıq iki dəfə təqdim edilmiş bu nüfuzlu mükafat akademik Cəlal Əliyevin elmi ideyalarının yeni nəsil tədqiqatçılar üçün davamlı ilham mənbəyi olduğunu göstərir.
Bu gün akademik Cəlal Əliyevin ideyaları, elmi baxışları və milli inkişaf naminə göstərdiyi xidmətlər öz real nəticələrində yaşayır. Onun bütün ömrü boyu xidmət etdiyi elm, kənd təsərrüfatı və insan rifahı naminə formalaşdırdığı yanaşmalar müasir Azərbaycanın strateji hədəfləri ilə tam səsləşir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü dövlət institutları, dinamik iqtisadiyyat və müasir texnoloji yanaşmalar əsasında gələcəyə inamla irəliləyir.
Bu yüksəliş prosesində elmə, innovasiyaya və insan kapitalına verilən dəyər xüsusi əhəmiyyət daşıyır. Akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb, onun adı ilə bağlı olan Molekulyar Biologiya İnstitutu və yetişdirdiyi alimlər bu gün də Azərbaycan elminin inkişafına töhfə verməkdə davam edir. Böyük alimin arzuladığı elmə söykənən, milli maraqlara xidmət edən və dünya elmi məkanında layiqli yer tutan Azərbaycan modeli məhz bu istiqamətdə formalaşır.
Alimin elmi irsi gələcəyə istiqamət verən canlı bir elmi və intellektual xəzinədir. Onun fundamental ideyaları, yaratdığı məktəb və yetişdirdiyi davamçılar Azərbaycanın elmi potensialının bundan sonra daha da güclənməsinə xidmət edəcəkdir.
Cəlal Əliyevin ömür yolu göstərdi ki, həqiqi elm insan ömrü ilə məhdudlaşmır, ideyalarda, yetişdirilən nəsillərdə və cəmiyyətin inkişafına çevrilən nəticələrdə yaşayır. Onun yandırdığı elm çırağı bu gün yeni nəsil alimlərin fəaliyyəti ilə daha da işıqlanır və Azərbaycan elminin gələcək uğurlarına yol göstərir.
İradə HÜSEYNOVA, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e.,
AMEA-nın vitse-prezidenti,
akademik