Molekulyar Biologiya İnstitutunda akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib + Foto
İyl 01, 2026 | 09:48 / Tədbirlər
İyunun 30-da AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
İnstitutun akt zalında davam edən tədbirdə Cəlal Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin inkişafında müstəsna xidmətlərindən, zəngin elmi irsindən söz açaraq bildirib ki, böyük alim və böyük şəxsiyyət Cəlal Əliyev biologiya, seleksiya və o cümlədən fotosintez sahələrində apardığı fundamental tədqiqatlarla dünya elminə dəyərli töhfələr verib. O, ömrünü elmin inkişafına, yeni elmi məktəbin yaradılmasına və kənd təsərrüfatının inkişafına həsr edib. Alimin elmi fəaliyyəti nəticəsində Azərbaycan biologiya elmi beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoyub, onların inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib və zəngin elmi məktəb formalaşdırıb. Cəlal Əliyevin fotosintez və fototənəffüs prosesləri üzrə araşdırmaları biologiya elminin inkişafına əhəmiyyətli təsir göstərib. O, xüsusilə fotosintez prosesinin öyrənilməsi sahəsində mühüm elmi nəticələr əldə edib. Alim sübut edib ki, bitkilərin məhsuldarlığının əsas amillərindən biri fotosintez prosesinin səmərəli təşkil olunmasıdır. Onun bu sahədə apardığı tədqiqatlar dünya elmində böyük maraq yaradıb.C.Əliyev uzun illər ərzində fototənəffüs prosesinin bitkilər üçün zərərli hesab edilməsinə qarşı çıxaraq, bu prosesin bitki həyatında mühüm rol oynadığını elmi şəkildə əsaslandırıb. Onun bu istiqamətdə əldə etdiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Cəlal Əliyev hələ 1970-ci illərdə biologiyada kompüter texnologiyalarının tətbiqinin vacibliyini vurğulayıb, gələcəyin elmini qabaqcadan görən alim kimi tanınıb.
İ.Hüseynova qeyd edib ki, alimin fəaliyyətinin mühüm istiqamətlərindən biri də yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının yaradılması olub: “Akademik Cəlal Əliyevin 60 ildən çox elmi fəaliyyəti kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Onun rəhbərliyi ilə aparılan seleksiya işləri nəticəsində Azərbaycanın iqlim şəraitinə uyğun yeni buğda sortları əldə edilib. Bu sortlar əlkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayıb və KTN-nin Əkinçilik Elmi -Tədiqat İnstitutunun genofonduna daxil edilib”.
İradə Hüseynova akademikin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Botanika İnstitutunda formalaşan Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıldığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, alimin Botanika və Əkinçilik İnstitutlarında yaratdığı şöbələr fotosintez prosesinin öyrənilməsində dünya elminə böyük töhfələr verib. Aparılan tədqiqatlar nəticəsində fotosintezin elə əlamət və göstəriciləri müəyyənləşdirilib ki, onların gedişi və qiyməti ilə məhsuldarlıq prosesi daha sıx korrelyasiya təşkil edir.
Akademik vurğulayıb ki, C.Əliyev fotosintez və fototənəffüs proseslərini kompleks şəkildə tədqiq edib. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edib. Akademik Cəlal Əliyevin bir şəxsiyyət kimi tələbələrinə daim örnək olduğunu deyən İ.Hüseynova onun yaratdığı dünya səviyyəli müasir elmi məktəbin onlarla istedadlı yetirməsinin bu gün Azərbaycanda və digər ölkələrin nüfuzlu universitet və mərkəzlərində tədqiqatlar apardığını, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını uca tutduqlarını söyləyib.
İradə Hüseynova qeyd edib ki, bütün varlığı ilə elmə bağlı olan Cəlal müəllim tələbkar və məsuliyyətli olması ilə yanaşı, tələbələrinə qarşı çox mehriban və diqqətcil idi. C.Əliyevin 500-dən çox yüksəkixtisaslı kadr hazırladığını deyən İ.Hüseynova akademikin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər və 81 fəlsəfə doktoru hazırlandığını vurğulayıb. Onun sözlərinə görə Cəlal Əliyev 800-ə yaxın elmi əsərin, 25 monoqrafiyanın və çoxsaylı müəlliflik şəhadətnamələrinin müəllifidir.
“Akademik Cəlal Əliyevin yaradıcısı olduğu Molekulyar Biologiya İnstitutunu qorumaq, alimin elmi irsini zənginləşdirmək və genişləndirmək hamımızın borcudur”- deyə İradə Hüseynova fikrini yekunlaşdırıb.
AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İbrahim Əzizov və biologiya elmləri doktoru Həsən Babyev akademik Cəlal Əliyevin Azərbaycan elmindəki misilsiz xidmətlərindən danışıb, böyük alimlə bağlı xoş xatirələrini bölüşüb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.
Tədbirdə akademik Cəlal Əliyeva həsr olunmuş film nümayiş etdirilib.