Molekulyar Biologiya İnstitutunun əməkdaşı Aytən Ağayeva Serbiyanın Belqrad şəhərində elmi ezamiyyətdə olub + Foto
İyl 28, 2026 | 21:58 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva 20-24 iyul 2026-cı il tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Clarivate şirkətinin birgə təşkilatçılığı ilə sözügedən şirkətin Serbiyanın Belqrad şəhərindəki regional ofisində keçirilən “Elmmetriya üzrə Sertifikasiya Proqramı”nda iştirak edib.
Sertifikasiya təliminin əsas məqsədini ölkəmizdə elmmetriya, akademik fəaliyyətin qiymətləndirilməsi, qlobal elmmetrik və tam-mətnli informasiya bazaları ilə işləmə və akademik nəşr strategiyaları üzrə nəzəri və praktiki biliklərin inkişaf etdirilməsi məsələləri əhatə edib. Təlim proqramı çərçivəsində b.ü.f.d. Aytən Ağayeva Web of Science platformasından qabaqcıl istifadə, tədqiqatda məsuliyyətli süni intellekt tətbiqləri, araşdırma analitikası və müqayisəli dəyərləndirmə, elmi jurnalların qiymətləndirilməsi, bibliometriya, tədqiqat intellekti, eləcə də faktlara əsaslanan tədqiqat idarəçiliyini və institusional inkişafı dəstəkləyən innovativ həllər mövzuları üzrə ekspertlər tərəfindən keçirilən intensiv sessiyalarda iştirak edib.
Eyni zamanda, Azərbaycanın aparıcı universitetləri və elmi-tədqiqat müəssisələrindən olan iştirakçılar Clarivate mütəxəssisləri tərəfindən keçirilən praktiki məşğələlərdəki müzakirələrdə iştirak edərək, qarşı tərəflə fikir mübadiləsi aparıb.
Tədbirin yekununda praktiki tətbiq və qiymətləndirmə mərhələsini uğurla başa vuran bütün iştirakçılara Clarivate şirkəti tərəfindən sertifikatlar təqdim olunub.