sa sa 2260
“Narkomaniya - XXI Əsrin Bəlası” adlı məqalə İki Sahil qəzetində çap olunmuşdur May 27, 2019 | 12:32 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın və AMEA-nın Akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Arif Mehtiyevin həmmüəllif olduqları “Narkomaniya - XXI Əsrin Bəlası” adlı məqalə İki Sahil qəzetində çap olunmuşdur. Məqalədə “ağ ölüm” adlandırılan narkomaniyanın dünyanın bir çox dövlətlərində insanlıq üçün dəhşətli bəlaya çevrilməsi qeyd edilir. Bu bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır. Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Məqalədə problemin faciəvi tərəfi kimi gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması əks olunmuşdur. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmişdir. Məqalədə alimlərimizin də bu istiqamətdə hazırladıqları fəaliyyət planı, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və KİV-lə birlikdə narkomanlığın profilaktikası istiqamətində bir sıra əhəmiyyətli işlər görülməsi haqqında geniş məlumat verilmişdir.

http://ikisahil.com/post/narkomaniya-xxi-esrin-belasi