sa sa 17
Professor Əziz Səncər – 80 + Foto Sen 08, 2026 | 11:17 / Mühüm hadisələr

Dünya şöhrətli türk alimi, Nobel mükafatı laureatı, professor Əziz Səncər 8 sentyabr 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur rayonunda anadan olub. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ-da molekulyar biologiya üzrə doktorantura təhsili alıb. Elmi fəaliyyətini əsasən DNT-nin təmiri mexanizmlərinin, hüceyrə dövrünün və bioloji saatın molekulyar əsaslarının öyrənilməsinə həsr edib.

Professor Əziz Səncərin DNT-nin zədələnmiş hissələrinin bərpası mexanizmlərinin molekulyar səviyyədə öyrənilməsinə verdiyi fundamental töhfələr müasir biologiya və tibb elminin inkişafında mühüm rol oynayıb. Bu mühüm elmi nailiyyətlərinə görə o, 2015-ci ildə Tomas Lindal və Pol Modriçlə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Əziz Səncər Azərbaycan elmi ilə də sıx əlaqələri, Azərbaycan alimlərinə göstərdiyi diqqət və dəstəyi, eləcə də Azərbaycan–Türkiyə elmi əlaqələrinin inkişafına verdiyi töhfələrlə xüsusi rəğbət qazanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə professor Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Professor Əziz Səncəri 80 illik yubileyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi fəaliyyətində yeni nailiyyətlər və Azərbaycan elmi ilə əlaqələrinin bundan sonra da uğurla davam etməsini arzulayırıq.