sa sa 105
Molekulyar Biologiya İnstitutunda “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisası üzrə dissertasiya işinin müdafiəsi keçirilib + Foto Sen 11, 2026 | 13:00 / Mühüm hadisələr

Sentyabrın 11-də AR ETN Molekulyar Biologiya İnstitutunda Biotexnologiya və biomühəndislik  laboratoriyasının elmi işçisi Aygün Ağaverdi qızı Sadiqovanın 2422.01–“Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şirvanşahı aborigen üzüm sortunun biotexnoloji çoxaldılma metodunun işlənib hazırlanması” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

İşin elmi rəhbərləri b.ü.f.d. Tofiq Qaragözov və b.ü.f.d. dosent Mahirə Məmmədova, opponentləri AMEA-nın müxbir üzvü, professor Maqsud Qurbanov, biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev və biologiya üzrə fəlsəfə doktoru Aygün İsrayilovadır.

AMEA-nın müxbir üzvü Pənah Muradovun sədrliyi ilə keçirilən iclasda iddiaçı dissertasiya işinin əsas müddəalarını şərh edərək bildirib ki, dissertasiya işi Şirvanşahı aborigen üzüm sortunun qorunması, öyrənilməsi və kütləvi bərpasında müasir biotexnoloji və molekulyar-genetik metodların tətbiqi ilə kompleks yanaşmanın işlənib hazırlanmasına həsr olunmuş ilk tədqiqatdır. Əldə olunmuş nəticələr Şirvanşahı və digər yerli sortların seleksiya proqramlarına və kütləvi bərpa işlərinə daxil edilməsi və genofondun istifadəsinin effektivliyinin artırılmasına elmi əsas verir. Dissertasiya işinin nəticələri, praktik seleksiya və üzümçülükdə tətbiq oluna biləcək elmi əsaslandırılmış metodlar təqdim edir.

Rəsmi opponentlərin çıxışları dinlənildikdən sonra dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb, müxtəlif təklif və tövsiyələr səsləndirilib. İddiaçı opponentlərin irad və tövsiyələrinə cavab verib, həmçinin şura üzvlərinin suallarını cavablandırıb. Şura üzvləri dissertasiya işi ilə bağlı fikir və mülahizələrini bildiriblər. İddiaçının yekun çıxışından sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Aygün Sadiqovaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.