sa sa 139
İlhamə Cəfərlinin dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto Sen 16, 2026 | 13:27 / Mühüm hadisələr

Sentyabrın 16-da AR ETN Molekulyar Biologiya İnstitutunun dissertantı İlhamə Əhməd qızı Cəfərlinin 2405.01 – “Molekulyar biologiya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Genital anomaliyaların və androgenə həssassızlıq sindromunun diaqnostika və rekonstruksiyasında androgen reseptorlarının rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbərləri akademik İradə Məmməd qızı Hüseynova və professor Mohamed Baky Fahmydir. İşə rəsmi rəylər AMEA-nın müxbir üzvü İlham Şahmuradov və tibb üzrə fəlsəfə doktoru Kəmalə Heydərova tərəfindən təqdim olunub.

İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva iddiaçının anket məlumatları ilə iştirakçıları tanış etdikdən sonra söz İlhamə Cəfərovaya verilib.

İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim edərək tədqiqatın aktuallığı, məqsədi və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, tədqiqatın nəticələri cinsi inkişaf pozğunluqlarının molekulyar əsaslarının öyrənilməsinə töhfə verir və klinik praktikada daha dəqiq diaqnostika və fərdiləşdirilmiş müalicə yanaşmalarının tətbiqinə imkan yaradır. Eyni zamanda, əldə olunan nəticələr cərrahi müdaxilələrin planlaşdırılması və effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparılıb. İddiaçı səsləndirilən sualları cavablandırıb, irad və təkliflərə münasibət bildirib. Müzakirələrin yekununda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə təqdim olunması barədə qərar qəbul edilib.