Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub
Sen 23, 2026 | 21:00 / Mühüm hadisələr
Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun əməkdaşlarından ibarət tədqiqat heyətinin hazırladığı “Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin və fitosanitar vəziyyətinin yaxşılaşdırılmasının mikrobioloji əsasları” layihəsi Azərbaycan Elm Fondunun “Əsas qrant müsabiqəsi – 2026”nın qalibi olub.
AZƏRTAC xəbər verir ki, layihə üzrə aparılan tədqiqatlarda duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin və fitosanitar vəziyyətin formalaşmasında iştirak edən mikroorqanzimlərin indikator növlərinin müəyyən edilməsi və onların idarə edilməsi yolu ilə aqrosenozların münbitliyinin və fitosanitar vəziyyətin yaxşılaşdırılmasına imkan verən yanaşmaların elmi və praktiki əsasları hazırlanacaq.
Duzlu torpaqlar problemi Azərbaycan üçün də aktualdır. Belə torpaqlar əsasən respublikanın Kür-Araz ovalığında cəmləşib ki, burada da ölkənin suvarılan torpaqlarının yarıdan çoxu yerləşir. Duzlaşma torpağın fiziki-kimyəvi xassələrinə və münbitliyinə mənfi təsir göstərən qlobal prosesdir. Azərbaycan iqtisadiyyatında aqrar sektorun mühüm rolunu nəzərə alsaq, bu problemin həllində şoranlığa davamlı mikroorqanizmlərin potensialından istifadə edilməsi müasir elmdə prioritet istiqamətlərdən biridir. Mikrobioloji metodlara əsaslanan bu yanaşmalar ekoloji cəhətdən təhlükəsiz, texnoloji baxımdan sadə və iqtisadi cəhətdən səmərəlidir.