sa sa 82
Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib + Foto Sen 24, 2026 | 15:43 / Konfranslar, iclaslar

Sentyabrın 24-də AR ETN Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Öncə institutun yaradıcısı, böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru v.i.e., akademik İradə Hüseynova iclası açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. İclasda, ilk növbədə, İnstitutun Elmi Şurasının yeni tərkibi, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutu, Mikrobiologiya İnstitutu, Biofizika İnstutunun əsasında yeni yaradılmış Molekulyar Biologiya İnstitutunun fəaliyyətinin təşkili, 2026/2027-ci tədris ili üzrə institutun doktoranturasına qəbulun nəticələri və digər məsələlər müzakirə olunub.

Sonra 29 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək 8-ci Avrasiya Biokimyəvi Yanaşmalar və Texnologiyalar Konqresinə hazırlıq məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, Türkiyə Kimyaçılar Cəmiyyəti, Doqquz Eylül Universiteti (İzmir, Türkiyə), Ankara Universiteti (Türkiyə), Tindal Milli İnstitutu (İrlandiya) ilə yanaşı, AR ETN Molekulyar Biologiya İnstitutu da beynəlxalq elmi tədbirin təşkilatçıları sırasında yer alır. Həmçinin akademik İradə Hüseynova konqresin sədr müavini və dəvətli məruzəçi, b.e.d. Yaşar Feyziyev konqresin Təşkilat Komitəsinin üzvü və dəvətli məruzəçi, b.e.d. Kərim Qasımov isə Təşkilat Komitəsinin üzvüdür. İnstitutun konqresin təşkilində iştirakı onun beynəlxalq nüfuzunun göstəricisidir və biokimya, molekulyar biologiya, digər əlaqəli elm sahələrində elmi əməkdaşlıq imkanlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Elmi Şurada həmçinin Molekulyar Biologiya İnstitutu və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə 15-16 oktyabr 2026-cı il tarixlərində keçiriləcək “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpoziumun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Sonra iclasda institut əməkdaşlarının elmi ezamiyyətləri və beynəlxalq elmi tədbirlərdə iştirakı ilə bağlı hesabatlar dinlənilib. Molekulyar hüceyrə biokimyası və siqnalların ötürülməsi laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Taleh Yusifovun 27 aprel – 27 iyul 2026-cı il tarixlərində ABŞ-ın Yuta Universitetində həyata keçirdiyi elmi ezamiyyətlə bağlı hesabatı Elmi Şuraya təqdim olunub.

Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Aygün Sadiqovanın 14-16 sentyabr 2026-cı il tarixlərində Albaniyanın Tirana şəhərində keçirilmiş COST–CopyTree layihəsinin “From Lab to Forest and Orchard” adlı yekun beynəlxalq konfransında iştirakı ilə bağlı hesabatı da dinlənilib.

Elmi Şurada institut əməkdaşları tərəfindən hazırlanmış elmi nəşrlərin çap məsələlərinə də baxılıb. Mikrobioloji biotexnologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi meşələrinin ksilomikobiotasının növ tərkibi və ekobiologiyası”, Xloroplastların molekulyar-funksional təşkili və məhsuldarlıq prosesləri laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Nahidə Əliyevanın isə “Qarğıdalı bitkisinin xloroplastlarında duzla induksiya olunan struktur-funksional dəyişikliklər” mövzusunda hazırladıqları monoqrafiyaların çapının məqsədəuyğunluğu müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, institut əməkdaşlarının 8-ci Avrasiya Biokimyəvi Yanaşmalar və Texnologiyalar Konqresində iştirakı ilə bağlı məsələyə baxılıb. Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Samirə Rüstəmova; Bioenergetika və yaşıl enerji laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev və əməkdaşları – elmi işçi Könül Cümşüdlü və kiçik elmi işçi Ruslan Süleymanov; Enzimologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Ulduzə Qurbanovanın konqresdə iştirak məqsədilə Türkiyənin Antalya şəhərinə ezamiyyətləri məsələsi müzakirə edilib.

Həmçinin Genomika, proteomika və bioinformatika laboratoriyasının müdiri, b.ü.f.d. Aynurə Paşayevanın Çinin Kənd Təsərrüfatı Akademiyasının Pomologiya (Meyvəçilik) İnstitutunun postdoktorantura proqramının qalibi kimi Çin Xalq Respublikasına elmi ezamiyyəti məsələsinə baxılıb.

İclasın sonunda gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilib, eləcə də institutun fəaliyyətinin təşkili ilə bağlı bir sıra cari məsələlər müzakirə olunub.