Molekulyar Biologiya İnstitutunda Səidə Zülfüqarovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib + Foto
Okt 08, 2026 | 13:00 / Mühüm hadisələr
Oktyabrın 8-də AR ETN Molekulyar Biologiya İnstitutunda Bioadaptasiya laboratoriyasının elmi işçisi Səidə Tofiq qızı Zülfüqarovanın 2415.01 – “Molekulyar Biologiya” ixtisasında biologiya ürzə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Stresə həssaslığına görə fərqlənən buğda (Triticum aestivum L.) genotiplərində istilik şoku zülallarının və antioksidant fermentlərin genlərinin ekspressiyasının tədqiqi” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri akademik İradə Hüseynovadır. İşə rəsmi rəylər AR ETN Genetik Ehtiyatlar İnstitutunun Biokimyəvi genetika və texnologiya şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Hamlet Sadıqov və REA Biologiyanın Fundamental Problemləri İnstitutunun Suyun fotosintetik oksidləşməsi laboratoriyasının müdiri v.i.e., biolgiya elmləri doktoru Tatyana Savçenko tərəfindən təqdim olunub.
İnstitutun elmi katibi biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva iddiaçının anket məlumatları ilə iştirakçıları tanış etdikdən sonra söz Səidə Zülfüqarovaya verilib.
İddiaçı dissertasiya işinin əsas məzmununu təqdim edərək tədqiqatın aktuallığı, qarşıya qoyulan məqsədlər və əldə edilmiş elmi nəticələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, dissertasiya işində əldə olunan nəticələr yumşaq buğdada istilik stresinə adaptasiyanın fizioloji, biokimyəvi, molekulyar və ultrastruktur mexanizmləri haqqında mövcud elmi bilikləri genişləndirir. Tədqiqatın əsas elmi müddəaları molekulyar biologiya, bitki fiziologiyası, genetika və seleksiya sahələrində aparılan elmi tədqiqatlar üçün nəzəri və metodoloji əsas kimi istifadə oluna bilər.
Dissertasiya işi geniş müzakirə olunub, işin əsas müddəaları ətrafında fikir mübadiləsi aparılıb. İddiaçı müzakirə zamanı verilən sualları cavablandırıb, irad və təkliflərə münasibət bildirib. Müzakirələrin yekununda dissertasiya işinin müdafiənin növbəti mərhələsinə təqdim edilməsi məqsədəuyğun hesab edilərək müvafiq qərar qəbul olunub.