sa sa 144
Molekulyar Biologiya İnstitutunda elmi seminar keçirilib + Foto Okt 13, 2026 | 14:07 / Seminarlar

Oktyabrın 13-də AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunda “İnsan BK kanalının elektrik siqnal fəaliyyətindən əlavə yeni bir funksiyası: hüceyrədə oksidləşdirici stresdən qorunmaq üçün katalitik mexanizm” mövzusunda elmi seminar keçirilib.

Seminarı Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e.,akademik İradə Hüseynova açaraq elm və təhsilin cəmiyyətin inkişafında mühüm rolundan bəhs edib, bu kimi seminarların keçirilməsinin gənc alim və tədqiqatçıların elmi potensialının artırılması, tədqiqat fəaliyyətinin təşviqi və akademik biliklərinin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, alim və tədqiqatçıların dünya elmi məkanına inteqrasiyasının təmin edilməsı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də həm ölkə daxilində, həm də xarici ölkələrdə tədqiqatlar aparması üçün institut tərəfindən zəruri şəraitin yaradıldığını qeyd edib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər alimlərin elmi potensialının artırılmasına, beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsinə və əldə olunan tədqiqat nəticələrinin dünya elminə inteqrasiyasına mühüm töhfə verir.

İ.Hüseynova akademik Cəlal Əliyev məktəbinin  yetirməsi olan istedadlı alim Taleh Yusifovun elmi fəaliyyəti və ABŞ-da apardığı tədqiqatlar barədə də ətraflı məlumat verib.

Sonra institutun Molekulyar hüceyrə biokimyası və siqnalların ötürülməsi laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Yusifov “İnsan BK kanalının elektrik siqnal fəaliyyətindən əlavə yeni bir funksiyası: hüceyrədə oksidləşdirici stresdən qorunmaq üçün katalitik mexanizm” mövzusunda təqdimatla çıxış edib.

O, məruzəsində ion kanalları, ion kanallarının əsas xüsusiyyəti, ion kanallarının formaları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, ion kanalları elektrokimyəvi qradiyentdə ionlar passiv hərəkəti ilə ion cərəyanı yaradır və bioelektrik siqnalların formalaşdırır.

T.Yusifov çıxışında bildirib ki, BK kanalları, yəni böyük keçiriciliyə malik Ca²⁺-aktivləşən kalium kanalları, ürək-damar xəstəlikləri və xərçəng də daxil olmaqla, bir sıra patologiyalarda mühüm rol oynayır və perspektivli terapevtik hədəf hesab olunur. Tədqiqatlar göstərir ki, ürək əzələsində BK kanallarının aktivləşdirilməsi ürəyin işemiya-reperfuziya zədələnməsindən qorunmasına kömək edir. Eyni zamanda, bu kanalların fəaliyyəti döş, uşaqlıq boynu, prostat və ağciyər xərçəngi hüceyrələrinin çoxalması və yayılması, eləcə də bəzi xərçəng əleyhinə preparatların təsiri ilə əlaqələndirilir. Alimin sözlərinə görə, BK kanallarının qoruyucu və patoloji proseslərdəki rolunun oksigenin fəal formalarının səviyyəsinin tənzimlənməsi ilə əlaqəsi onların fəaliyyət mexanizmlərinin öyrənilməsini və yeni terapevtik yanaşmaların hazırlanmasını elmi baxımdan əhəmiyyətli edir.

Sonra seminar mövzu ətrafında müzakirələrlə davam edib və Taleh Yusifov institut əməkdaşlarının suallarını cavablandırıb.