“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib + Foto
Okt 15, 2026 | 19:26 / Konfranslar, iclaslar
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və AR ETN Molekulyar Biologiya İnstitutunun təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Əvvəlcə simpozium iştirakçıları poster sessiyası ilə tanış olublar. Daha sonra AR ETN Molekulyar Biologiya İnstitutunun akt zalında tədbirin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq elmi simpoziumun açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin müasir dövrün aktual çağırışlarından birinə həsr olunduğunu vurğulayıb. O, şəhərsalmanın ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığının təmin olunması ilə qarşılıqlı əlaqədə araşdırılmasının mühüm elmi və ictimai əhəmiyyət daşıdığını bildirib.
Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə müasir şəhərsalma prinsiplərinin təşviqi, ekoloji dayanıqlılığın gücləndirilməsi və sağlam yaşayış mühitinin yaradılması baxımından xüsusi önəm daşıdığını qeyd edib. İl çərçivəsində AMEA-da da bu istiqamətdə müxtəlif elmi tədbirlərin keçirildiyini söyləyən akademik İsa Həbibbəyli hazırkı simpoziumun şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinin kompleks şəkildə öyrənilməsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran elmi vəzifələrin dəqiqləşdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, XXI əsr yaşıl inkişaf, alternativ enerji mənbələri, ekoloji məsuliyyət, yaşıl iqtisadiyyat, ağıllı şəhər və kənd konsepsiyalarının ön plana çıxdığı yeni sivilizasiya mərhələsidir. Bu dəyişikliklər təkcə enerji və sənaye sahələrini deyil, şəhərsalma, təbii resurslardan istifadə, ətraf mühitin mühafizəsi və insanların həyat keyfiyyətinin yüksəldilməsi kimi istiqamətləri də əhatə edir. Onun sözlərinə görə, yaşıl sivilizasiya anlayışı ekoloji yanaşmalarla yanaşı, iqtisadi, texnoloji və sosial inkişafın vahid sistem daxilində uzlaşdırılmasını nəzərdə tutan daha geniş məzmun daşıyır.
AMEA-nın prezidenti Azərbaycanın yaşıl inkişaf strategiyasının müasir şəhərsalma siyasəti ilə əlaqələndirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin bu baxımdan əhəmiyyətinə toxunub. Bildirib ki, Böyük Qayıdış çərçivəsində yeni yaşayış məntəqələrinin salınması və infrastrukturun qurulması tikinti işləri ilə məhdudlaşmamalı, ekoloji tarazlığın qorunması, alternativ enerji mənbələrinin tətbiqi və dayanıqlı yaşayış mühitinin yaradılması prinsiplərinə əsaslanmalıdır.
Akademik İsa Həbibbəyli simpoziumun şəhərsalmanın ətraf mühitə, bioloji müxtəlifliyə və insan sağlamlığına təsirlərinin elmi əsaslarla araşdırılması, müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi və dayanıqlı urban mühitinin formalaşdırılmasına yönəlmiş səmərəli təkliflərin hazırlanması baxımından əhəmiyyətini qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək beynəlxalq elmi simpoziumun şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin elmi müstəvidə müzakirəsi baxımından böyük önəm daşıdığını vurğulayıb.
O qeyd edib ki, son illərdə böyük şəhərlərin üzləşdiyi ekoloji problemlər insanların sağlamlığına, fiziki aktivliyinə və gündəlik həyatına mənfi təsir göstərir. Bu baxımdan şəhər ekologiyasının yaxşılaşdırılması və insanların sağlam yaşaması üçün əlverişli mühitin formalaşdırılması dövlətlərin, hökumətlərin və alimlərin diqqət mərkəzindədir. Əminağa Sadıqov Bakı şəhərinin son 15–20 ildə sürətli inkişaf yolu keçdiyini və bu inkişaf prosesində ekoloji məsələlərin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova çıxış edərək şəhərlərin dayanıqlı inkişafının ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin mühafizəsi və insan sağlamlığının təmin olunması baxımından əhəmiyyətini qeyd edib. Vitse-prezident müasir şəhərlərin antropogen təsirlərin intensiv olduğu mürəkkəb sosial-ekoloji sistemlər olduğunu və onların planlaşdırılması zamanı ətraf mühitin mühafizəsi, təbii ekosistemlərin qorunması və sağlam yaşayış şəraitinin yaradılmasının əsas prioritetlər sırasında yer aldığını vurğulayıb.
Azərbaycanda ekoloji tarazlığın qorunması və şəhər mühitinin sağlamlaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu söyləyən akademik İradə Hüseynova 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin və Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin bu istiqamətin aktuallığını bir daha təsdiqlədiyini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova şəhər mühitinin sağlamlaşdırılmasında yaşıl və mavi infrastrukturun inkişafının, yerli iqlim şəraitinə uyğun bitki növlərinin seçilməsinin, atmosfer havasının çirklənməsi və digər ekoloji amillərin insan sağlamlığına təsirlərinin elmi əsaslarla qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Vahid Sağlamlıq” və “Planetar Sağlamlıq” konsepsiyalarının tətbiqi şəhər mühitində yaranan risklərin müəyyənləşdirilməsi və profilaktik tədbirlərin səmərəli planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
AMEA-nın vitse-prezidenti simpoziumun beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və aktual problemlərin multidissiplinar yanaşma əsasında araşdırılması üçün əhəmiyyətli platforma olduğunu bildirib. O, tədbirdə təqdim olunacaq 110 tezisdə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Slovakiya, İran, Pakistan, Ukrayna, Qazaxıstan və Avstraliyanın alim və tədqiqatçılarının araşdırmalarının da yer alacağını diqqətə çatdırıb.
Azərbaycan Tibb Universitetinin professoru, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev çıxışında Bakının son illərdə sürətlə inkişaf etməsi ilə yanaşı, şəhər mühitinin təhlükəsizliyinin təmin olunması, infrastrukturun təkmilləşdirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələlərin aktual olaraq qaldığını bildirib.
Sudeyf İmamverdiyev, həmçinin Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, əhalinin doğma torpaqlarına qayıdışının, yaşayış şəraitinin və məşğulluğunun təmin edilməsinin əhəmiyyətinə toxunub. O, bu kimi beynəlxalq elmi tədbirlərin aktual problemlərin müzakirəsi, təcrübə mübadiləsinin aparılması və onların həlli istiqamətində səmərəli təkliflərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra beynəlxalq elmi simpozium öz işini plenar iclasla davam etdirib.