sa sa 112
Beynəlxalq elmi simpoziumun plenar iclasında şəhər mühitinin ekoloji və bioloji problemləri müzakirə olunub + Foto Okt 16, 2026 | 14:32 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium öz işini plenar iclasla davam etdirib.

Biologiya elmləri doktoru Kərim Qasımovun moderatorluğu ilə keçirilən plenar iclasda şəhərsalmanın ətraf mühitə, biomüxtəlifliyə və insan sağlamlığına təsiri, müasir şəhərlərin ekoloji problemləri, biotəhlükəsizlik, eləcə də urban mühitdə yaranan risklərin qarşısının alınması yolları ilə bağlı məruzələr dinlənilib.

İclasın ilk məruzəçisi Türkiyənin Mardin Artuklu Universitetinin professoru Ayşe Baran olub. “Zoom” platforması vasitəsilə iclasa qoşulan alim “Şəhər memarlığında metal nanomaterialların istifadəsi” mövzusunda təqdimatla çıxış edib. Məruzədə metal nanomaterialların müasir memarlıqda tətbiq imkanları, üstünlükləri və perspektivləri diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Elşad Qurbanov “Şəhərsalmanın biomüxtəlifliyə və dayanıqlı inkişafa təsiri” mövzusunda məruzəsində sürətlə genişlənən şəhərlərin təbii ekosistemlər və bioloji müxtəliflik üçün yaratdığı çağırışlardan bəhs edib. Bildirilib ki, şəhər ərazilərinin genişlənməsi landşaftların deqradasiyasına, təbii yaşayış mühitlərinin azalmasına, ətraf mühitin çirklənməsinə və biomüxtəlifliyin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan şəhərsalma layihələrinin ekoloji prinsiplər əsasında hazırlanması, təbii sərvətlərin qorunması və yaşıl ərazilərin genişləndirilməsi dayanıqlı şəhər inkişafının əsas şərtlərindəndir.

Plenar iclasda AMEA-nın müxbir üzvü Pənah Muradov “Müasir şəhərsalma və biotəhlükəsizlik məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim məskunlaşmanın tarixi və formaları, ilk şəhərlərin yaranma səbəbləri, müasir şəhər tipləri və urbanlaşmanın mərhələləri barədə məlumat verib. Məruzədə, həmçinin biomüxtəliflik və urbanizasiya arasındakı qarşılıqlı əlaqələrə toxunulub, müasir şəhərlərin üzləşdiyi ekoloji problemlər və biotəhlükəsizlik məsələləri diqqətə çatdırılıb.

Növbəti məruzə AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Şəhər mühitində bioloji və ekoloji stress faktorları: ağciyər xərçəngi riskləri və preventiv yanaşmalar” mövzusuna həsr olunub. Məruzəni AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşı Mətanət Baxışova təqdim edib. Təqdimatda şəhər mühitində insan sağlamlığına təsir göstərən bioloji və ekoloji stress amilləri, onların yaratdığı risklər və profilaktik yanaşmalar nəzərdən keçirilib. Şəhər sağlamlığı üçün vahid modelin formalaşdırılması, şəhərsalma prosesində meşə və yaşıl zolaqların rolu, eləcə də ağciyər xərçənginin əsas risk faktorları barədə məlumat verilib.

Plenar iclasın sonuncu məruzəsi fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifovun “Bakı meqapolisinin biomüxtəlifliyinin davamlı inkişafı ekoloji şəhər konsepsiyası kontekstində” mövzusunda təqdimatı olub. Məruzədə Abşeron yarımadasının biomüxtəlifliyi, flora və faunası, nadir və təhlükə altında olan növləri haqqında məlumat verilib. Şəhər ekosistemlərinin davamlılığının təmin olunmasında təbiətin ekosistem xidmətlərinin qorunmasının və şəhər mühitində təbii komponentlərin saxlanılmasının əhəmiyyəti vurğulanıb.

İclasda şəhər mühiti və insan sağlamlığına molekulyar-genetik və sistemli yanaşmalar, ekoloji risklər, ətraf mühitin fraqmentasiyası, çirklənmə və səs-küy amilləri, şəhər biomüxtəlifliyi və ekosistemlərin davamlılığı kimi məsələlərlə yanaşı, yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq problemləri, şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar diqqət mərkəzində olub.

Tədbirdə ekoloji təhlükəsiz şəhərlərin yaradılması üçün innovativ və normativ-hüquqi həllər, şəhərsalmanın biomüxtəlifliyin qorunmasına və dayanıqlı inkişafa təsiri, müasir şəhərsalmanın biotəhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

Plenar iclas çərçivəsində məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Pənah Muradov, biologiya elmləri doktoru Kərim Qasımov və digər alim və mütəxəssislər iştirak ediblər.

“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium işini gün ərzində müxtəlif istiqamətlər üzrə bölmə iclaslarında davam etdirib.