sa sa 114
Beynəlxalq elmi simpozium çərçivəsində seksiya iclasları keçirilib + Foto Okt 17, 2026 | 09:11 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda keçirilən beynəlxalq elmi simpozium çərçivəsində 15-16 oktyabr 2026-cı il tarixlərində seksiya iclasları təşkil olunub.

İclaslarda Azərbaycan alimləri ilə yanaşı, 8 ölkədən tədqiqatçı və mütəxəssislər “Zoom” platforması vasitəsilə iştirak ediblər. Məruzələrdə şəhər biomüxtəlifliyinin qorunması, yaşıl infrastruktur, dayanıqlı şəhər modelləri, urbanizasiyanın insan sağlamlığına təsiri və ekoloji risklərin idarə olunması məsələləri müzakirə edilib.

B.e.d., prof. Könül Baxşəliyevanın (15 oktyabr), prof. Aziz Eftekhari və b.ü.f.d., dos. Ulduzə Qurbanovanın (16 oktyabr, səhər iclası), b.e.d., dos. Həsən Babayev və b.e.d., prof. Fəridə Qəhrəmanovanın (16 oktyabr, günorta iclası) moderatorluğu ilə keçirilən birinci bölmə iclasları “Şəhər biomüxtəlifliyi və ekosistem davamlılığı”, “Yaşıl infrastruktur və bioadaptiv memarlıq”, “Sağlam və dayanıqlı şəhər modelləri”, “Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ və normativ-hüquqi həllər” mövzularına həsr olunub.

Məruzələrdə urbanizasiya şəraitində biomüxtəlifliyin qorunması, yaşıl ərazilərin şəhər mühitinin keyfiyyətinə təsiri, təbiətəsaslı və bioadaptiv memarlıq həlləri, eləcə də ekoloji təhlükəsiz şəhərlərin formalaşdırılmasında innovativ yanaşmalar diqqətə çatdırılıb. Şəhərlərin canlı ekosistemlər kimi planlaşdırılmasının və təbii komponentlərin qorunmasının vacibliyi vurğulanıb.

Biologiya elmləri doktoru Yaşar Feyziyevin (15 oktyabr), b.ü.f.d., dos. İradə Babayeva və b.ü.f.d. Turanə İsgəndərovanın (16 oktyabr, səhər iclası), b.ü.f.d., dos. Nurməmməd Mustafayev və b.ü.f.d. Günay İsmayılovanın (16 oktyabr, günorta iclası) moderatorluğu ilə keçirilən ikinci bölmə iclaslarında “Şəhər mühiti və insan sağlamlığı: molekulyar-genetik və sistemli yanaşmalar”, “Urban stres və psixi sağlamlıq problemləri”, “Şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar”, “Şəhər mühitində ekoloji risklər: fraqmentasiya, çirklənmə və səs-küy amilləri” mövzularında məruzələr dinlənilib.

İclaslarda Türkiyə, Özbəkistan, Pakistan, Avstraliya və digər ölkələrdən alim və tədqiqatçılar iştirak ediblər.

Çıxışlarda urbanizasiyanın insan sağlamlığına təsiri, şəhər mühitində ekoloji və bioloji stress amillərinin yaratdığı risklər, hava və səs-küy çirklənməsi, yaşıl ərazilərin sağlamlıq baxımından əhəmiyyəti, eləcə də yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikası məsələləri nəzərdən keçirilib. Şəhərsalma prosesində insan sağlamlığının əsas meyarlardan biri kimi nəzərə alınmasının zəruriliyi qeyd olunub.

Edilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və elmi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Simpozium çərçivəsində keçirilən bölmə iclasları şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinin vahid elmi platformada müzakirəsinə, müxtəlif elmi istiqamətlər arasında əməkdaşlığın gücləndirilməsinə və dayanıqlı, ekoloji təhlükəsiz və sağlam şəhər mühitinin formalaşdırılmasına yönəlmiş yeni yanaşmaların təqdim edilməsinə imkan yaradıb və iştirakçılarda böyük maraq doğurub.