sa sa 137
18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür Okt 18, 2026 | 02:00 / Mühüm hadisələr

18 oktyabr - Azərbaycanın tarixində mühüm və əlamətdar gündür. Bu gün Azərbaycan xalqının azadlıq, müstəqillik və öz dövlətinə sahib olmaq uğrunda apardığı mübarizəni xatırladır.

 Bu il müstəqil Azərbaycan dövləti öz tarixinin ən şərəfli səhifələrindən biri olan dövlət müstəqilliyinin bərpasının 35-cü ildönümünü qeyd edir. 35 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilib. Bu sənədlə Azərbaycanın dövlət müstəqilliyi hüquqi cəhətdən bərpa olundu.

1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qazandı. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

Bu mühüm tarixi daha dəqiq ifadə etmək məqsədilə 2021-ci il oktyabrın 15-də Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edildi. Qanuna əsasən, 28 May “Müstəqillik Günü”, 18 Oktyabr isə “Müstəqilliyin Bərpası Günü” kimi təsbit olundu.

18 oktyabr - Azərbaycanın suveren dövlət kimi mövcudluğunu və azadlığını təcəssüm etdirir, milli birlik və vətənpərvərlik hisslərini gücləndirir, gənc nəslə müstəqilliyin necə böyük tarixi mübarizə nəticəsində əldə edildiyini xatırladır, dövlətçiliyimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayır.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir!

Xalqımızı 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi, dövlətçiliyimizin sarsılmaz olmasını arzulayırıq!