sa sa 141
“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumun bağlanış mərasimi keçirilib + Foto Okt 19, 2026 | 11:13 / Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumun bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, eləcə də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Akademik İradə Hüseynova bildirib ki, Molekulyar Biologiya İnstitutunun və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq elmi simpozium müasir dövrün mühüm elmi və ictimai əhəmiyyət daşıyan, yüksək aktuallığı ilə seçilən məsələlərini əhatə edib. Simpozium çərçivəsində şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətləri, insan sağlamlığına təsir edən amillər, biomüxtəlifliyin qorunması, biotəhlükəsizlik və digər aktual istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.

İradə Hüseynova çıxışında qeyd edib ki, Molekulyar Biologiya İnstitutunun elmi fəaliyyətinin formalaşmasında akademik Cəlal Əliyevin müstəsna xidmətləri olub. O, institutun yaradılmasının təşəbbüskarı və banisi olmaqla yanaşı, Azərbaycanda müasir biologiyanın bir sıra mühüm istiqamətlərinin inkişafına fundamental töhfələr verib. Akademik Cəlal Əliyev tərəfindən hələ ötən əsrin ikinci yarısında ətraf mühit, bitki biologiyası, biomüxtəliflik, ekoloji amillərin canlı orqanizmlərə təsiri və insan həyatının keyfiyyəti ilə əlaqəli bir sıra məsələlərin elmi problem kimi gündəmə gətirilməsi bu gün də öz aktuallığını qoruyur. Onun yaratdığı böyük elmi məktəbin nümayəndələri tərəfindən həmin istiqamətlərdə fundamental və tətbiqi tədqiqatların ardıcıl şəkildə davam etdirilməsi mühüm elmi ənənəyə çevrilib.

Akademik vurğulayıb ki, bu baxımdan simpoziumda müzakirə olunan bir sıra məsələlərin elmi kökləri ölkəmizdə daha əvvəlki dövrlərə gedib çıxır və onların Azərbaycanda ilk dəfə məhz akademik Cəlal Əliyev və onun elmi məktəbi tərəfindən müxtəlif aspektlərdə araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu elmi irsin müasir çağırışlar kontekstində inkişaf etdirilməsi, yeni metod və yanaşmalar əsasında tədqiqatların genişləndirilməsi Molekulyar Biologiya İnstitutunun qarşısında duran mühüm vəzifələrdəndir.

İradə Hüseynova bildirib ki, müasir dövrün qlobal çağırışları fonunda dayanıqlı inkişafa nail olunması ekoloji tarazlığın qorunmasını, təbii resurslardan səmərəli istifadəni, ətraf mühitin sağlamlaşdırılmasını və insan sağlamlığının müdafiəsini prioritet istiqamətlər kimi ön plana çıxarır. Azərbaycanda həyata keçirilən yaşıl inkişaf və yaşıl enerji siyasəti, eləcə də müasir şəhərsalma konsepsiyalarının, “Ağıllı şəhər” və “Ağıllı kənd” modellərinin tətbiqi bu sahələrdə yeni imkanlarla yanaşı, mühüm elmi və praktiki vəzifələr də müəyyənləşdirir. Qarşıya qoyulan məqsədlərə nail olunmasında elmin, innovativ yanaşmaların və multidissiplinar tədqiqatların rolunun xüsusi əhəmiyyət daşıdığını qeyd edən akademik elmi nəticələrin praktiki fəaliyyətə inteqrasiyasının vacibliyini vurğulayıb.

İ.Hüseynova simpoziumun panel iclaslarında flora və faunanın müxtəlif aspektləri, biotəhlükəsizlik, mikrobiologiya və tibbin aktual problemləri ilə bağlı məruzələrin dinlənildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətlər şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin öyrənilməsi, biomüxtəlifliyin qorunması, potensial bioloji risklərin qiymətləndirilməsi və əhalinin sağlamlığına təsir göstərən amillərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məsələlərin davamlı elmi araşdırmaların predmetinə çevrilməsi, əldə olunan nəticələrin sistemli şəkildə təhlil edilməsi və mümkün risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə müvafiq monitorinq tədbirlərinin həyata keçirilməsi zəruridir.

Akademik qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən beynəlxalq elmi simpozium şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin, insan sağlamlığına təsir göstərən amillərin, eləcə də sağlam və dayanıqlı urban mühitin formalaşdırılması yollarının elmi əsaslarla araşdırılması və müzakirəsi baxımından mühüm platforma rolunu oynayıb. Simpoziumda irəli sürülən elmi yanaşmaların və müzakirə olunan məsələlərin gələcək tədqiqatlarda nəzərə alınmasının, əldə olunan nəticələrin praktik tətbiqi imkanlarının araşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

İradə Hüseynova simpoziuma 110-dan artıq elmi işin təqdim edildiyini bildirərək, müxtəlif xarici ölkələri təmsil edən alim və tədqiqatçıların tədbirdə iştirakının müzakirə olunan problemlərə fərqli elmi yanaşmaların formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Çıxışının sonunda akademik İradə Hüseynova beynəlxalq elmi simpoziumun iştirakçılarına, təşkilat və elmi komitənin üzvlərinə, eləcə də tədbirin yüksək səviyyədə keçirilməsində əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.

Simpoziumun elmi-təşkilat komitəsinin üzvləri – AMEA-nın müxbir üzvü Pənah Muradov, biologiya elmləri doktoru Kərim Qasımov, professor Könül Baxşəliyeva, dosentlər Afiq Məmmədov və Ulduzə Qurbanova, məsul katiblər – biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva və biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva çıxışlarında beynəlxalq elmi simpozium çərçivəsində müzakirə olunan aktual məsələlərin və irəli sürülən problemlərin ölkəmiz üçün elmi və praktiki əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər, həmçinin simpoziumun yüksək elmi səviyyədə təşkilinə, aktual elmi məsələlərin geniş müzakirəsi üçün yaradılmış əlverişli şəraitə və tədbirə göstərdiyi dəstəyə görə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovaya təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda akademik İradə Hüseynova 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə institutun əməkdaşlarını təbrik edib, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin daim qorunmasını, ölkəmizin suverenliyinin daha da möhkəmlənməsini və müstəqilliyimizin əbədi, daimi və sarsılmaz olmasını arzulayıb.