Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübə keçiblər + Foto
Okt 20, 2026 | 10:21 / Mühüm hadisələr
Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin magistrantları Fariza İkramkulova və Simbat Japarqali 5–18 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda iki həftəlik elmi təcrübə keçiblər.
Virusologiya ixtisası üzrə təhsil alan Fariza İkramkulova təcrübə müddətində müasir virusoloji və molekulyar-bioloji tədqiqat metodları ilə tanış olub. O, bioloji materialların hazırlanması və işlənməsi, nuklein turşularının ayrılması və keyfiyyətinin qiymətləndirilməsi, PCR və RT-PCR analizlərinin aparılması, elektroforez üsulu ilə təhlil, həmçinin əldə olunan nəticələrin molekulyar-genetik və bioinformatik metodlarla araşdırılması istiqamətlərində bilik və praktiki bacarıqlarını artırıb.
Biotexnologiya ixtisası üzrə təhsil alan Simbat Japarqali isə müasir mikrobioloji və biotexnoloji tədqiqat üsullarını öyrənib. Təcrübə çərçivəsində mikroorqanizmlərin yetişdirilməsi, qidalı mühitlərin hazırlanması, biosurfaktantların mikroorqanizmlərin aktivliyinə və karbonatların çökməsinə təsirinin araşdırılması, eksperimental göstəricilərin izlənilməsi, eləcə də tədqiqat nəticələrinin mikroskopik, analitik və statistik təhlili ilə tanış olub.
Elmi təcrübənin əsas məqsədi magistrantların ixtisasları üzrə biliklərini dərinləşdirmək, müasir laboratoriya avadanlıqları ilə işləmək bacarıqlarını inkişaf etdirmək və magistr dissertasiyalarının mövzularına uyğun elmi-tədqiqat təcrübəsi qazanmalarına şərait yaratmaq olub.
Qazaxıstanlı magistrantlar, həmçinin Molekulyar Biologiya İnstitutunun maddi-texniki bazası, laboratoriyaları və burada aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.