AMEA-nın müxbir üzvü Əminağa Sadıqov: “Şəhərlərin ekoloji problemlərinin həllində elmin fəal iştirakı vacibdir”
Okt 21, 2026 | 17:33 / Konfranslar, iclaslar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AR ETN Molekulyar Biologiya İnstitutu və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib.
Alim beynəlxalq elmi simpoziumun şəhər mühitinin ekoloji və bioloji xüsusiyyətlərinin kompleks şəkildə öyrənilməsi, mövcud problemlərin elmi əsaslarla təhlili və onların həlli istiqamətində müasir yanaşmaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, şəhər ekologiyası əhalinin sağlamlığının qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və dayanıqlı şəhər inkişafının təmin olunması ilə bilavasitə əlaqəli olan çoxşaxəli elmi istiqamətdir. AMEA-nın müxbir üzvü qeyd edib ki, şəhərsalmanın ekoloji və sosial nəticələrinin öyrənilməsi, bu sahədə mövcud problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində elmin fəal iştirakı uzun illərdir həm Azərbaycanda, həm də beynəlxalq elmi ictimaiyyətdə xüsusi aktuallıq kəsb edir.
Əminağa Sadıqov qeyd edib ki, son onilliklərdə urbanizasiya proseslərinin sürətlənməsi, əhalinin intensiv artması və iri şəhərlərdə cəmləşməsi, nəqliyyat və sənaye fəaliyyətinin genişlənməsi, eləcə də təbii ekosistemlərə antropogen təzyiqin artması şəhər mühitində bir sıra ekoloji problemlərin yaranmasına səbəb olub. Problemlərin qarşısının alınması və mənfi təsirlərinin azaldılması üçün şəhər ekosistemlərinin fəaliyyət mexanizmlərinin dərindən araşdırılması, ekoloji risklərin qiymətləndirilməsi və elmi nəticələrə əsaslanan idarəetmə qərarlarının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Natiq Bakı şəhərinin son 15-20 il ərzində sürətli inkişaf və genişmiqyaslı urbanizasiya mərhələsindən keçdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, şəhərin infrastrukturunun yenilənməsi, yaşayış və ictimai məkanların inkişafı, nəqliyyat sisteminin təkmilləşdirilməsi və digər şəhərsalma prosesləri ilə yanaşı, ekoloji tarazlığın qorunması məsələləri də prioritet istiqamətlərdən biri kimi nəzərə alınmalıdır. AMEA-nın müxbir üzvü ekoloji problemlərin həllində müvafiq dövlət qurumlarının və aidiyyəti strukturların rolu ilə yanaşı, alimlərin də bu problemlərin elmi əsaslarla araşdırılmasında və onların həlli yollarının müəyyənləşdirilməsində fəal iştirakının vacibliyini vurğulayıb. Bildirilib ki, şəhər mühitinin gələcək inkişafı zamanı təbii resurslardan səmərəli istifadə, biomüxtəlifliyin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekosistem xidmətlərinin davamlılığının təmin edilməsi mühüm elmi-praktiki vəzifələrdəndir.
Dövlət Agentliyinin direktor müavini şəhərlərin planlaşdırılması və inkişafı prosesində ekoloji dayanıqlılıq prinsiplərinin əsas götürülməsinin vacibliyini xüsusi qeyd edib. Onun fikrincə, müasir şəhərsalma yanaşmaları təbii mühitin qorunmasını, enerji resurslarından səmərəli istifadəni, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqini, ekoloji cəhətdən əlverişli nəqliyyat həllərinin inkişafını və əhali üçün sağlam yaşayış mühitinin formalaşdırılmasını əhatə etməlidir.
Natiq qeyd edib ki, sıx tikililər, asfalt və beton səthlərin geniş yayılması, təbii örtüyün azalması, yeni tikilən binalarda demək olar ki, hər mənzildə kombi quraşdırılması və istiliyin şəhər mühitində toplanması temperatur rejiminə əhəmiyyətli təsir göstərə bilər. Əminağa Sadıqov vurğulayıb ki, problemlərin effektiv həlli fundamental və tətbiqi tədqiqatların nəticələrinin şəhərsalma təcrübəsinə inteqrasiyasını, müxtəlif elmi sahələr arasında əməkdaşlığın gücləndirilməsini və qərarların etibarlı elmi məlumatlar əsasında qəbul edilməsini tələb edir.
O, həmçinin qeyd edib ki, şəhər ekologiyası problemlərinin araşdırılmasında biologiya, molekulyar biologiya, ekologiya, iqlimşünaslıq, coğrafiya və digər elmi istiqamətlərin qarşılıqlı əlaqədə inkişafı, multidissiplinarlıq mühüm əhəmiyyət daşıyır. Beynəlxalq elmi simpoziumun müxtəlif ölkələrdən olan tədqiqatçıların təcrübə və bilik mübadiləsi aparması, yeni elmi əməkdaşlıqların qurulması və aktual problemlərə kompleks yanaşmaların formalaşdırılması üçün əlverişli platforma olduğu bildirilib.
Çıxışının sonunda AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq elmi tədqiqatların inkişaf etdirilməsinə, tədqiqat istiqamətlərinin daha da dərinləşdirilməsinə, eləcə də yerli və beynəlxalq səviyyəli elmi tədbirlərin təşkilinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb. O qeyd edib ki, elmi potensialın gücləndirilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi müstəviyə çıxarılması və elmin nailiyyətlərinin praktiki fəaliyyətə tətbiqi ölkənin elmi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Natiq simpoziumun şəhər ekologiyası sahəsində aktual problemlərin müzakirəsinə, elmi biliklərin paylaşılmasına və gələcək tədqiqatlar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.