sa sa 118
Akademik İradə Hüseynova: “Simpoziumun nəticələri müvafiq sahələrdə elmi tədqiqatlara təkan verəcəkdir” Okt 22, 2026 | 12:29 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, AR ETN Molekulyar Biologiya İnstitutu və AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” mövzusunda beynəlxalq elmi simpoziumda AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açılış nitqi ilə çıxış edib. Akademik öz çıxışında aşağıdakı məqamlara diqqət çəkib:

Müasir dünyada şəhərlər iqtisadi inkişafın, sənayenin və innovasiyaların əsas mərkəzləri olmaqla yanaşı, təbii ekosistemlərə və insan sağlamlığına antropogen təsirin ən intensiv hiss olunduğu mürəkkəb sosial-ekoloji sistemlərdir. Qlobal enerji istehlakının və karbon emissiyalarının əhəmiyyətli hissəsinin şəhərlərin payına düşməsi urban inkişafın ekoloji nəticələrinin elmi əsaslarla qiymətləndirilməsinin nə qədər vacib olduğunu göstərir. Təsadüfi deyil ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində dayanıqlı şəhərlərin və icmaların yaradılması xüsusi yer tutur. Bu gün şəhərsalma ekoloji təhlükəsizliyin, biomüxtəlifliyin qorunmasının və əhalinin sağlamlığının təmin edilməsinin mühüm istiqamətidir.

Azərbaycanda ekoloji tarazlığın qorunması və şəhər mühitinin sağlamlaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə ənənənin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilməlidir. Onun rəhbərliyi dövründə həyata keçirilən tədbirlər, o cümlədən Bakı şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə vermişdir.

Bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilir. Yaşıl inkişaf, müasir şəhərsalma, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji prinsiplərinin tətbiqi ölkəmizin ekoloji dayanıqlılıq istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsi bu sahənin milli və beynəlxalq prioritetlər sırasında yerini bir daha təsdiqləyir.

Şəhərlərin dayanıqlı inkişafına nail olmaq üçün onları, ilk növbədə, atmosferin, torpağın, suyun, bitki və heyvan aləminin, mikroorqanizmlərin və insan populyasiyalarının qarşılıqlı əlaqədə olduğu vahid ekosistemlər kimi dərk etməliyik. Təbii torpaq örtüyünün beton və asfaltla əvəzlənməsi suyun torpağa hopmasını məhdudlaşdırır, səthi axınları və daşqın riskini artırır, şəhərlərdə istilik adası effektini gücləndirir və canlı orqanizmlərin yaşayış mühitini daraldır. Buna görə də şəhərsalma qərarlarında təbii proseslərin qorunması, yaşıl və mavi infrastrukturun inkişafı, ekosistem xidmətlərinin saxlanılması əsas prinsiplərdən olmalıdır.

Parkların, yaşıllıq zolaqlarının, su hövzələrinin və digər təbii elementlərin vahid sistem şəklində planlaşdırılması şəhərlərin ekoloji dayanıqlılığını artırır, mikroiqlimin tənzimlənməsinə və əhalinin həyat keyfiyyətinin yaxşılaşmasına şərait yaradır. Eyni zamanda, yağış sularının təbii idarə olunması, su keçirən örtüklərdən və təbiətəsaslı həllərdən istifadə edilməsi mühəndis infrastrukturu ilə təbii ekosistemlər arasında tarazlığın yaradılmasına imkan verir. Şəhərlərin yaşıllaşdırılmasında isə yerli iqlim və torpaq şəraitinə uyğun, quraqlığa və çirklənməyə davamlı, invaziv yayılma və allergik təsir riskləri nəzərə alınmış bitki növlərinin seçilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərdə fundamental biologiya və ekologiya tədqiqatlarının nəticələrinə əsaslanmaq zəruridir.

Şəhər mühitinin insan sağlamlığına təsiri də kompleks elmi yanaşma tələb edir. Atmosfer havasının çirklənməsi, ağır metallar və digər zərərli maddələr, səs-küy, həddindən artıq istilik, eləcə də təbii mühitlə təmasın azalması insan orqanizminə müxtəlif səviyyələrdə təsir göstərir. Bu amillər oksidləşdirici stres və iltihabi proseslərdən tutmuş tənəffüs və ürək-damar xəstəlikləri riskinin artmasına, psixoloji gərginliyə və həyat keyfiyyətinin aşağı düşməsinə qədər bir sıra mənfi nəticələrlə əlaqəlidir. Şəhər mühitində heyvanların və xəstəlik daşıyıcılarının yayılma xüsusiyyətlərinin dəyişməsi də zoonoz və digər infeksion xəstəliklərin epidemioloji risklərinin qiymətləndirilməsini zəruri edir.

Belə mürəkkəb problemlərin həlli biologiya, ekologiya, tibb, mikrobiologiya, molekulyar genetika, epidemiologiya və şəhərsalma sahələri arasında sıx elmi əməkdaşlıq tələb edir. İnsan sağlamlığını ətraf mühitin, torpağın, suyun və canlı sistemlərin sağlamlığından ayrı nəzərdən keçirmək mümkün deyil. Bu yanaşma beynəlxalq elmdə geniş qəbul edilən “Vahid Sağlamlıq” və “Planetar Sağlamlıq” konsepsiyalarının mahiyyətini təşkil edir. Onların tətbiqi şəhər mühitində yaranan risklərin vaxtında müəyyənləşdirilməsinə, elmi əsaslarla qiymətləndirilməsinə və profilaktik tədbirlərin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

Simpoziumun beynəlxalq iştirakçı coğrafiyası və təqdim olunan elmi işlərin müxtəlifliyi xüsusi əhəmiyyət daşıyır. Simpoziumun rəsmi elektron poçtuna daxil olmuş 110 tezisdə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Slovakiya, İran, Pakistan, Ukrayna, Qazaxıstan və Avstraliyanın universitet və elmi-tədqiqat müəssisələrini təmsil edən alimlərin, tədqiqatçıların və gənc alimlərin araşdırmaları yer alır. Bu geniş təmsilçilik urban ekologiya, şəhərsalma və ictimai sağlamlıq problemlərinin beynəlxalq elmi əməkdaşlıq və təcrübə mübadiləsi əsasında həllinin vacibliyini nümayiş etdirir.

Əminəm ki, simpozium çərçivəsində aparılacaq müzakirələr şəhər mühitinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji müxtəlifliyin qorunması, ətraf mühit amillərinin insan sağlamlığına təsir mexanizmlərinin öyrənilməsi və müasir monitorinq sistemlərinin tətbiqi baxımından mühüm nəticələr əldə etməyə imkan verəcəkdir. Rəqəmsal texnologiyaların, coğrafi informasiya sistemlərinin, süni intellekt əsaslı modelləşdirmənin və biomonitorinq metodlarının inkişafı şəhər ekosistemlərində baş verən dəyişiklikləri daha dəqiq izləmək, riskləri proqnozlaşdırmaq və idarəetmə qərarlarını elmi məlumatlarla əsaslandırmaq üçün yeni imkanlar yaradır.

Bizim əsas vəzifəmiz yalnız mövcud problemləri müəyyənləşdirmək deyil, fundamental elmi bilikləri praktik həllərə və səmərəli idarəetmə mexanizmlərinə çevirməkdir. Şəhərlərin gələcəyi elmi əsaslandırılmış planlaşdırmadan, davamlı ekoloji monitorinqdən, təbiətəsaslı həllərdən və müxtəlif elm sahələrinin inteqrasiyasından asılıdır. Bu baxımdan, simpoziumun nəticələrinin yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və dayanıqlı, sağlam şəhər mühitinin formalaşdırılmasına töhfə verəcəyinə inanıram.

Əminəm ki, müxtəlif elm sahələrinin birgə səyləri şəhərlərin ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, biomüxtəlifliyin qorunmasına və insanların daha sağlam mühitdə yaşamasına xidmət edəcəkdir.